ABŞ Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) rəsmi olaraq çıxıb.
Bu barədə BMT Baş katibinin nümayəndəsi Stefan Dujarrik keçirdiyi brifinqdə məlumat verib.
ABŞ Prezidenti Donald Tramp təxminən bir il əvvəl ÜST-dən çıxmaq barədə sərəncam imzalamışdı.
“Onlar artıq Ümumdünya Səhiyyə Təşkilatının işində iştirak etmirlər”, – deyə Dujarrik bildirib:
“Lakin BMT ABŞ-nin də digər ölkələr kimi, ÜST-də iştirakını görmək istərdi”.
“Bloomberg” agentliyi isə bildirib ki, ABŞ təşkilata olan 260 milyon dollar borcunu ödəməyib.
Vaşinqton təşkilatın maliyyələşdirilməsində iştirakını dayandırıb və nümayəndələrini ÜST-ün bütün ofislərindən və baş qərargahlarından geri çağırıb.
Birləşmiş Ştatlar həmçinin ÜST tərəfindən maliyyələşdirilən idarəetmə orqanlarından və işçi qruplarından da çıxıb. ABŞ Səhiyyə Nazirliyinin yüksək vəzifəli məmuru jurnalistlərə bildirib ki, təşkilatdan çıxmazdan əvvəl borcun ödənilməsi tələbi yoxdur.
ABŞ dövlət katibi Marko Rubio və səhiyyə naziri Robert Kennedi birgə bəyanat yayaraq, ÜST-ü əsassız kompensasiya tələb etməkdə ittiham ediblər.
“ABŞ-nin ÜST-ün təsisçilərindən biri və ən böyük maliyyə sponsoru olmasına baxmayaraq, təşkilat Amerikanın maraqlarına düşmən olan ölkələrin idarə etdiyi bürokratik siyasət yürüdürdü”, – deyə bəyanatda bildirilib.
Qeyd edək ki, daha əvvəl Donald Tramp təşkilatı COVID-19 pandemiyasını düzgün idarə etməməkdə və Çinin həddindən artıq təsirinə məruz qalmaqda günahlandırmışdı.







