ABŞ və Çin “TikTok”la bağlı ilkin razılaşmaya nail olublar, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat verib. Maliyyə naziri Skott Bessent əlavə edib ki, ticarət danışıqları zamanı Vaşinqton və Pekin gələcəkdə həyata keçirə biləcəkləri “çox şeylər haqqında danışıblar”.
Cənab Bessent Donald Trampın sentyabrın 19-da Si Cinpinlə görüşəcəyini də təsdiqləyib.
“TikTok” ilə bağlı məsələ ötən ildən davam edir: 2024-cü ildə Konqres milli təhlükəsizliyə əsaslanaraq qanun qəbul etmişdi ki, “TikTok”un çinli sahibi “ByteDance” platformanı satsın və ya onun ABŞ-də fəaliyyətini dayandırsın.
Bunu 2025-ci il yanvarın 19-dək etmək tələb olunurdu. Lakin yeni vəzifəyə gələn prezident Tramp iki dəfə bu qərarın icranı təxirə salan fərmanlar imzaladı. Hazırda son tarix sentyabrın 17-dir.
Apreldə də Tramp bildirmişdi ki, “TikTok”la razılaşma əldə olunub: platformanın ABŞ-dəkı fəaliyyəti amerikalı investorların nəzarətində olan şirkətə verilməli idi. Lakin “tarif müharibələri” başlayandan sonra “ByteDance” ticarət məsələləri həll olunmadan sazişi təsdiqləməyəcəyini açıqladı.