ABŞ və İsrail şirkətlərdən ibarət konsorsium Aralıq dənizindəki “Tamar” təbii qaz yatağının genişləndirilməsinə 265 milyon dollar investisiya yatıracaqlarını açıqlayıblar.
Bloomberg xəbər verir ki, konsorsium tərəfindən təsdiqlənən yeni investisiya “Tamar-8” təbii qaz yatağında qazma işləri üçün istifadə ediləcək.
Konsorsium İsrailin “Delek Drilling” və “Avner Oil Exploration” şikətləri ilə ABŞ-ın “Noble Energy” şirkətindən ibarətdir. “Tamar-8” təbii qaz yatağı Aralıq dənizinin İsrail sahillərinə 10 kilometr uzaqlıqda, yerin 3,5 kilometr dərinlikdə yerləşir və mövcud layihənin 8-ci quyusudur. Bu ilin sonuncu rübündə icra edilməsi planlaşdırılan layihənin 4 ay davam edəcəyi bildirilir.
Qeyd edək ki, “Tamar” təbii qaz yatağı İsrailin Hayfa limanından 130 kilometr uzaqlıqda yerləşir. 2009-cu ildə kəşf edilmiş və 2013-cü ildən istifadəyə verilən yatağın 238 milyard kubmetr təbii qaz ehtiyatına malik olduğu təxmin edilir.
—AzərTac