“Reuters”in məlumatına görə, 14 dekabrda Berlində keçirilən Ukrayna və ABŞ nümayəndə heyətləri arasında danışıqlar beş saatdan çox davam edib. Danışıqlar 15 dekabr səhər saatlarında davam etdiriləcək.
Görüşdə Ukrayna Prezidenti Volodimir Zelenski, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşner də daxil olmaqla yüksək səviyyəli nümayəndələr iştirak ediblər. Tərəflər 20 maddədən ibarət sülh planının məzmununu müzakirə ediblər.
Danışıqların yekununda Stiv Uitkoff əhəmiyyətli irəliləyiş əldə olunduğunu bildirib. O, “X” sosial şəbəkəsində yazıb:
“20 maddəlik sülhün nizamlanması planı, iqtisadi məsələlər və digər mövzular üzrə ətraflı müzakirələr aparılıb. Əhəmiyyətli irəliləyiş əldə olunub və tərəflər sabah səhər yenidən görüşəcəklər”.
Qeyd edək ki, 2 dekabrda Stiv Uitkoff və Cared Kuşner Moskvada, Kremldə Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparıblar.







