15 C
Baku
Monday, December 1, 2025

ABŞ və Ukrayna Floridadakı danışıqlarda razılığa gələ bilməyib

Floridada ABŞ və Ukrayna nümayəndə heyətləri arasında Rusiya ilə münaqişənin siyasi həllinə dair aparılan danışıqlar nəticəsiz qalıb.

30 noyabrda başa çatan görüşdə tərəflərin yekun sülh sazişi layihəsi üzrə razılıq əldə edə bilmədiyi bildirilir.

Danışıqlarda ABŞ tərəfini prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff, ABŞ dövlət katibi Marko Rubio və prezident Trampın məsləhətçisi Cared Kuşner təmsil edib. Ukraynanın nümayəndə heyətinə isə müdafiə naziri postunda korrupsiya qalmaqalı səbəbi ilə dəyişdirilən Rustem Umerov, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Andrey Qnatov, Xarici İşlər Nazirliyi və xüsusi xidmət orqanlarının əməkdaşları daxil olub.

Məlumata görə, görüşdə əsas müzakirə mövzuları ərazi məsələsi, Ukraynanın NATO-ya üzvlük perspektivləri və Qərb ölkələrinin dondurduğu Rusiya aktivlərinin taleyi olub. Ukrayna tərəfi bir daha bəyan edib ki, ərazi məsələsi yalnız hazırkı təmas xətti əsasında həll oluna bilər.

CNN-in məlumatına əsasən, danışıqlarda Ukraynanın gələcəkdə fakti olaraq NATO-ya qoşulmaq imkanının məhdudlaşdırılması ssenarisi də müzakirə olunub. Bu modeldə Ukraynaya formal şəkildə NATO üzvlüyü qapısı açıq saxlanılsa da, alyans və Rusiya arasında mümkün ikitərəfli razılaşmalarda Kiyev prosesdən kənarda qalacaq.

Görüşdən sonra ABŞ nümayəndələri Stiven Uitkoff və Cared Kuşnerin müzakirələri davam etdirmək üçün Moskvaya yola düşəcəyi bildirilib.

Ukrayna prezidenti Vladimir Zelenski danışıqları konstruktiv adlandırsa da, çətin məsələlərin qaldığını deyib. Kreml isə proseslə bağlı konkret qiymətləndirmə vermədən “praktika göstərəcək” açıqlaması ilə kifayətlənib.

Beynəlxalq analitiklərə görə, Floridadakı görüş həm ABŞ, həm də Ukrayna üçün uğursuz alınıb. ABŞ Ukraynadan müəyyən güzəştlər gözləyirdi, lakin Kiyev heç bir imtiyaza razı olmayıb.

Ukraynanın geri addım atmamasında Avropa ölkələrinin də təsiri var. Avropa İttifaqının müəyyən dairələri prosesin uzadılmasını istəyir. Bununla yanaşı, mütəxəssislər qeyd edir ki, Ukrayna üçün danışıqların uzanması da təhlükəlidir. Rusiya cəbhədə irəliləyiş əldə etdikcə, Kiyevin sülh masasında mövqeləri zəifləyir.

Ekspertlərin bir qismi hesab edir ki, danışıqların nəticəsiz qalması fonunda Vaşinqton Kiyevə qarşı siyasi və maliyyə təzyiqlərini artıra bilər. Bunlara korrupsiya araşdırmalarının genişləndirilməsi və Ukraynaya kəşfiyyat məlumatlarının verilməsinin məhdudlaşdırılması da daxildir.

ABŞ-də bəzi dairələr Ukraynanın hazırkı siyasi elitasını keçmiş prezident Co Baydenə yaxın qüvvələr kimi görür və bu səbəbdən Tramp administrasiyası Kiyevdən daha sərt xətt tələb edir.

Kreml rəsmi olaraq təsdiqləyib ki, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff 2 dekabrda Rusiya prezidenti Vladimir Putinlə görüşəcək. Görüşdə Ukrayna üzrə sülh prosesinin detallarının müzakirə ediləcəyi gözlənilir.

Analitiklərə görə, ABŞ-Ukrayna danışıqlarındakı uğursuzluq Vaşinqtonun Moskva qarşısında mövqelərini zəiflədib. Rusiya isə ABŞ və Ukraynanın ortaq mövqeyə gəlmədiyi bir şəraitdə əhəmiyyətli qərarlar verməyə tələsməyəcək.

Son xəbərlər
Digər xəbərlər