ABŞ dövlət katibi Marko Rubio bütün xarici yardımların dondurulması ilə bağlı tapşırıq verib.
Bu barədə “Politico” öz mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, bu addım Prezident Donald Trampın verdiyi müvafiq Fərmanın icrası məqsədilə atılıb.
Rubio tərəfindən təsdiqlənən sənəddə bildirilir ki, mövcud xarici yardımlarla bağlı qərar dərhal həyata keçiriləcək və dövlət katibi nəzərdən keçirənə qədər qüvvədə qalacaq.
Nəşr vurğulayır ki, maliyyələşdirmənin bərpası və ya birdəfəlik dayandırılması ilə bağlı qərar şəxsən Rubio tərəfindən veriləcək.
Dövlət Departamentinin Xarici Yardım Bürosu tərəfindən hazırlanan sənəddə yalnız İsrail və Misirin hərbi maliyyələşdirilməsi ilə bağlı istisna tətbiq ediləcəyi bildirilir.
Sənəddə başqa ölkələrin, o cümlədən Ukraynanın adı qeyd olunmayıb.
Qeyd edək ki, Tramp yanvarın 21-də ABŞ-nin digər ölkələrə bütün yardım proqramlarının 90 gün müddətinə müvəqqəti dayandırılması haqqında fərman imzalayıb.