“Abşeron-Şərab” ASC 2022-ci il üzrə maliyyə hesabatını bir il sonra gec açıqlasa da məlum olub ki, onun gəlirləri öncəki ili üstələyir.
Banker.az şirkətin audit hesabatına istinadən xəbər verir ki, 2022-ci ildə onun cəmi gəlirləri 10.82 mln. manat təşkil edib. Bu 2021-ci ildə 7.58 mln. manat olmuşdur və illik müqayisədə 43 faiz yuxarıdır.
Şirkətin gəliri 2021-ci ildə 6.58 mln. manat olduğu halda, bu rəqəm 2022-ci ildə 8.88 mln. manat olub. Bu da onun 1.94 mln. manat mənfəəti deməkdir.
Beləliklə, 2022-ci ildə mənfəət vergisi xərcindən sonra 1.94 mln. manat xalis mənfəət əldə edib və balansındakı bölüşdürülməmiş mənfəət 8.56 mln. manata çatıb.
Xatırladaq ki, “Abşeron-Şərab” ASC 1999-cu ildə ildən qeydiyyatdadır. Şirkət Azərbaycanda üzüm qəbulu, emalı və onun əsasında spirtli içkilər istehsal edən müəssisələrdən biridir. Müəssisə Bakı şəhərindən 17 km aralıda, Mehdiabad qəsəbəsində yerləşir. Müəssisənin ərazisi zirzəmilər, istehsal sexləri və hazır məhsulların saxlanması ilə təchiz olunmuş sənaye binaları komplekslədən ibarətdir.
2007-ci ildə texnoloji modernləşdirilməsi sayəsində müəssisədə müasir xarici avadanlıqlar quraşdırılmış, Avropa istehsalı olan palıd çəlləkləri, fermentasiya və digər çənlər alınmışdır.
Bu gün “Abşeron-Şərab” ASC şərab, konyak, araq, viski, likörlər, şampan, cin, kalvados və meyvə araqları da daxil olmaqla 70-dən çox adda məhsul istehsal edir.