“Abşeron” yatağının işlənməsinin ikinci fazası üçün Front End Engineering Design (ilkin layihələndirmə – FEED) mərhələsi başlayıb.
Bu barədə “TotalEnergies”in Bakı ofisindən məlumat verilib.
“Yataqların işlənilməsinin ikinci fazası üçün FEED mərhələsi (tammiqyaslı işlənilmə – FFD) il ərzində yekun investisiya qərarının (FID) qəbul olunmasına hazır olmaq məqsədilə 2025-ci ilin əvvəlindən başladılıb”, – şirkətdən bildirilib.
“TotalEnergies”dən vurğulanıb ki, 2023-cü ilin iyul ayından etibarən fəaliyyət göstərən və illik 1,5 milyard kubmetr qaz və sutkalıq 12,000 barel kondensatın hasilatını təmin edən “Abşeron” yatağının ilkin işlənilməsi mərhələsi çərçivəsində hasilatın sabit və təhlükəsiz səviyyədə aparılması təmin olunur.
Qeyd edək ki, “Abşeron” yatağı Xəzər dənizi şelfində, Bakıdan 100 kilometr cənub-şərqdə və “Şahdəniz” yatağından 25 kilometr şimal-şərqdə yerləşir.
“Abşeron” da qaz və kondensat hasilatı 2023-cü ilin iyul ayından etibarən JOCAP əməliyyatçı şirkəti tərəfindən həyata keçirilir.
Tərəfdaşlarla olan razılaşma əsasında, SOCAR yataqdan hasil olan qazı alır, kondensat isə Bakı-Tbilisi-Ceyhan neft boru kəməri ilə nəql olunur.