10 C
Baku
Thursday, December 12, 2024

Abşeronda Azərbaycan-Çin investisiyası əsasında kombi istehsalı zavodu fəaliyyətə başlayıb

Avqustun 21-də Abşeron rayonu ərazisində dövlət dəstəyi, yerli və Çin investisiyası əsasında kombi istehsalı zavodu fəaliyyətə başlayıb.

“Elektrogas” MMC-yə məxsus Azərbaycan-Çin müştərək müəssisəsi olan zavodun illik istehsal gücü 120 min ədəd kombi təşkil edir. Hazırda zavodda 30 nəfər işlə təmin olunub. Gələcəkdə isə zavodda 200-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur. Zavodun yaradılmasına milyon manat investisiya qoyulub ki, bunun da yarısı xarici sərmayələrdir. Gələcəkdə zavoda yatırılacaq sərmayələrin həcmi 11milyon manata çatdırılacaq. Bu zavodun istehsal profilinin daha da genişləndirilməsinə imkan verəcək.

Bu barədə “Report”a Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildirilib. 

Zavodun məhsulları daxili tələbın ödənilməsinə yönəldilməklə yanaşı, həm də gələcəkdə “Made in Azerbaijan” brendi ilə xarici ölkələrə ixrac ediləcəkdir.

Kombi zavodunun fəaliyyətə başlaması ilə bağlı müxtəlif dövlət qurumlarının, yerli və çinli sahibkarların iştirakı ilə təşkil olunmuş tədbirdə “Elektrogas” MMC-yə investisiya təşviqi sənədi təqdim olunub. Bu sənəd şirkətə bir sıra güzəştlərdən istifadə etməyə imkan verir. Belə ki, investisiya təşviqi sənədi şirkəti 7 il müddətinə mənfəət vergisinin 50%-dən, əmlak, torpaq vergilərindən, idxal olunan avadanlıq və qurğular üçün ƏDV-dən və gömrük rüsümlarından azad edir.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə biznes və investisiya mühitinin yaxşılaşdırılması, sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər və islahatlar barədə məlumat verib, zavodun fəaliyyətə başlaması üçün göstərilən dövlət dəstəyi tədbirlərini diqqətə çatdırıb. Qeyd olunub ki, KOBİA tərəfindən “Elektrogas” MMC-yə hərtərəfli dəstək göstərilib, o cümlədən yerli və xarici investorlarla görüşlər keçirilib, xarici investorlara Azərbaycanın biznes mühiti və dövlət dəstəyi mexanizmləri haqqında ətraflı məlumat verilib, konsaltinq və hüquqi məsləhət xidmətləri göstərilib. Kombi zavodunun fəaliyyətə başlaması ölkəmizdə qeyri-neft sektorunun inkişafında, yeni iş yerlərinin yaradılmasında, istilik sistemlərinə olan daxili tələbatın yerli istehsal hesabına ödənilməsində əhəmiyyətli olacaqdır.

“Elektrogas” MMC-nin direktoru Elnur Cəmilli zavodun fəaliyyəti barədə danışaraq ölkəmizdə özəl sektorun inkişafı istiqamətində həyata keçirilən tədbirlərin sahibkarlıq fəaliyyətinin genişləndirilməsində, Azərbaycana xarici investisiyaların cəlb edilməsində önəmli olduğunu qeyd edib, investisiya təşviqi sənədinin iş adamlarının fəaliyyətlərini daha da genişləndirmələri üçün əlverişli imkan yaratdığını vurğulayıb.

Zavoda sərmayə yatıran Çin investoru Lui Fujin təmsil etdiyi şirkətin fəaliyyəti barədə məlumat verib, Azərbaycanda yerli və xarici investorlar üçün əlverişli şərait yaradıldığını və bu baxımdan ölkəmizə investisiya yatırdıqlarını bildirib, KOBİA tərəfindən layihəyə hərtərəfli dəstək göstərildiyini qeyd edib.

Sonra tədbir iştirakçıları kombi zavodunun fəaliyyəti və istehsal prosesi ilə tanış olublar.  

Son xəbərlər
Digər xəbərlər