“AccessBank”ın Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) reallaşdırdığı və ənənəyə çevirdiyi “UNEC Business Conversation Club” layihəsinin növbəti mövsümünə start verilib.
Növbəti mövsümdə layihə yeni ad altında və başqa formatda baş tutacaq. Bundan sonra “Access Business Talks” kimi reallaşdırılacaq layihə çərçivəsində “AccessBank”ın əməkdaşları, İELTS və müxtəlif iqtisadi sahələrin mütəxəssisləri tələbələrlə öz təcrübələrini bölüşəcəklər. Böyük hissəsi ingilis dilində aparılacaq bu çıxışların əsas məqsədi tələbələrin dil biliklərini artırmaqla yanaşı, dünyagörüşünün formalaşdırılması, biznes, maliyyə kimi sahələrdə yeni məlumatların əldə edilməsidir.
UNEC-in “Maliyyə və mühasibat” fakültəsinin dekanı Gəray Musayev açılış mərasimində bildirib ki, “UNEC Business Conversation Club” artıq bir brendə çevrilib: “UNEC və “AccessBank” arasında reallaşdırılan ən uğurlu layihələrdən birinin növbəti mövsümünə start vermək olduqca xoşdur. Ümid edirəm ki, layihə yeni adda və formatda da özünü doğruldacaq və brendə çevrilməyi bacaracaq“.
UNEC-in daxili audit şöbəsinin müdiri Hikmət Babayev isə qeyd edib ki, layihə UNEC-in hüdudlarından kənarda da özündən söz etdirə bilib: “Olduqca sevindiricidir ki, hər yeni mövsümdə layihəyə daha çox sayda tələbə qatılır“.
“AccessBank”ın PR meneceri İlkin Əhmədov da “Access Business Talks” layihəsinin “UNEC Business Conversation Club” qədər uğurlu olacağına inanır: “Bu layihənin həyata keçirilməsində əsas məqsəd həm tələbələrə, həm UNEC-ə, həm də banka faydalı olmaqdır. Əminəm ki, buradakı tələbələr layihənin ötən mövsümlərinə cəlb olunan yoldaşları kimi həm dil, həm də praktiki biliklərini möhkəmləndirəcəklər”.
Onun sözlərinə görə, ötən layihənin 7 iştirakçısı hazırda bankda tərcübə keçir.
UNEC-in “Xarici dillər” kafedrasının dosenti, “UNEC Business Conversation Club” layihəsinin müəllifi Xavər Hacıyeva: “Bu layihəni reallaşdırılması hər bir tələbəmlə fəxr etməyə səbəb oldu. Çox istərdim ki, yeni mövsümdən layihəyə qoşulan tələbələrlə də qürur duyum!“
Qeyd edək ki, “Access Business Talks” layihəsi 10 həftə ərzində davam edəcək. Tələbələr üçün layihə davam etdiyi müddətdə maraqlı görüşlərlə yanaşı, bankda təşkil olunacaq ekskursiyada hər bir struktur bölmənin iş prosesi ilə yaxından tanış olmaq imkanı yaranacaq. Bundan başqa, layihə bitdikdən sonra tələbələr “AccessBank”da təcrübə proqramı keçib və müvafiq sertifikatla təltif olunacaq.