1 C
Baku
Saturday, December 14, 2024

AccessBank-ın dəstəyi ilə “Qadının yaşı olmur” adlı tədbir keçirildi

Dekabrın 19-da “Four Seasons” otelində AccessBank-ın dəstəyi, “Pəncərə” və “Granation” klublarının təşkilatçılığı ilə “Qadının yaşı olmur” adlı tədbir keçirildi. Gecə Azərbaycanın ictimai həyatında iştirak etmiş və ölkə inkişafına töhfə vermiş qadınlara həsr olunmuşdur.

Tədbirin aparıcısı, Əməkdar artist Nərgiz Cəlilova qonaqları salamlayaraq, Azərbaycan qadınlarının öz ağılı, istedadı, milli-mənəvi keyfiyyətləri ilə dünya qadınları arasında yüksək yer tutduğunu vurğulayıb.

 

Daha sonra “Pəncərə” klubunun rəhbəri, yazıçı Günel Anarqızı və “Granation” klubunun təsisçisi Nərmin Mahmud qonaqları salamlayaraq, klubların fəaliyyətindən, gecənin məramından söz açdılar.

Gecədə iştirak edən AccessBank-ın Marketinq Departamentinin rəhbəri Günay Cəlilova 100-dən çox gözəl qadını bir arada görməkdən çox məmnun olduğunu qeyd edərək öz fikirləri ilə bölüşdü:

“Əgər əvvəllər qadının əsas rolu dünyaya uşaq gətirmək, onları böyütmək, tərbiyəsi ilə məşğul olmaq və məişət işləri ilə məhdudlaşırdısa, günümüzdə qadınlar dövlət quruculuğunda, elm, mədəniyyət, təhsil, səhiyyə, idmanda və s. sahələrdə geniş təmsil olunurlar. Yaşlarından asılı olmayaraq, qadınların həyat və professional təcrübəsi cəmiyyət üçün hər zaman çox faydalıdır.

AccessBank  yaradıldığı tarixdən etibarən öz Korporativ Sosial Məsuliyyət layihəsi çərçivəsində hər zaman qadınlara dəstək məqsədilə çoxsaylı layihələr həyata keçirib. Bu layihələrin əksəriyyəti Azərbaycanın regionlarında qadın sahibkarlara maliyyə savadlılığı sahəsində treninqlərin keçirilməsi ilə bağlı olub. Sevindirici haldır ki, illər öncə bizim maliyyə savadlılığı sahəsində treninq keçirdiyimiz qadınların bir çoxu hal-hazırda uğurlu sahibkar qadınlara çevriliblər və biz onlarla qürur duyuruq. AccessBank olaraq biz bundan sonra da qadınlarımıza hər tərəfdən dəstək olmağa davam edəcəyik.”

Gecədə çıxış edən Çingiz Abdullayev, Fəxrəddin Manafov, Faiq Ağayev bu qədər çox sayda gözəl və uğurlu qadının iştirak etdiyi bir tədbirə dəvət olunduqları üçün minnətdarlıqlarını bildirdilər və Azərbaycan qadınının milli-mənəvi dəyərlər sistemimizin təşəkkülündə və yaşadılmasında müstəsna rolu olduğunu qeyd etdilər.

Son xəbərlər
Digər xəbərlər