Banker.az saytı AccessBank-Marketinq və Satış Departamentinin rəhbəri Günay Cəlilova ilə müsahibəni təqdim edir.
– İqtisadi dəyişikliklər AccessBank-da marketinq funksiyalarına necə təsir göstərib?
– Təbii ki, iqtisadi mühitdə baş verən dəyişikliklər bankların fəaliyyətinə, və o cümlədən bizim bankımıza da təsir edib. Yeni bazar reallıqlarına uyğunlaşmaq zərurəti Bankdan biznesə yanaşmanı dəyişməyi tələb edir. Təəccüblü deyil ki, bankımızda da marketinqin rolu dəyişib. Əvvəllər, istehlakçı tələbatının yüksək olduğu dövrdə bütün bank məhsullarına, xüsusən də kreditlərə tələbat böyük idi. Həmin dövrdə bankımızın marketinq fəaliyyəti əsasən reklam, promo-aksiyalar kimi əməliyyat funksiyalarından, eləcə də ictimaiyyətlə əlaqələr və korporativ sosial məsuliyyət fəaliyyətindən ibarət idi. Son illər həm bank mühiti, həm də istehlakçılar çox dəyişib və bu gün effektiv marketinq fəaliyyəti üçün bu vasitələr kifayət etmir. İnternet texnologiyalarının və sosial şəbəkələrin sürətlə və geniş yayılması, eləcə də müasir həyatın “virtuallaşması” yeni oyun qaydalarını diktə edir. Bu gün bankın bütün biznes istiqamətlərinin inkişafını real şəkildə dəstəkləyən, hədəf seqmentlərinin düzgün seçilməsinə və effektiv mövqeləşdirməyə xidmət edən, strateji marketinqin əhəmiyyəti daha da artır. Bu, istehlak tələbatınin öyrənilməsi, bazarın və rəqiblərin mütəmadi təhlili və həmin analitik məlumatların biznes departamentlərinə təqdim olunması, eləcə də yeni məhsul və xidmətlərin işlənib hazırlanması və tətbiqi üzrə fəaliyyəti əhatə edir. Çünki indi – əvvəlkindən da daha çox – yerli və dünya bazarındakı bütün trendləri izləmək və, necə deyərlər, dövrün nəbzini tutmaq çox önəmlidir.
– Trendlərdən söz düşmüşkən – sizcə onlar istehlakçılarla kommunikasiya vasitələrinə təsir göstəriblər?
– Şübhəsiz, təsir göstəriblər və ondan əlavə, yeni kommunikasiya vasitələrini də yaradıblar. İnsanlar məlumatları əsasən televiziya vasitəsi ilə aldığı bir dövrdə biz populyar verilişlərə fəal surətdə sponsorluq edirdik, o zaman bizi tez-tez televiziya məkanında görmək mümkün idi. İndi isə insanlar məlumatları əsasən onlayn rejimdə, sosial şəbəkələrdən, xəbər saytlarından gündəlik işlərindən ayrılmadan belə əldə edirlər. Bu səbəbdən biz ənənəvi reklam kanallarından (bilbordlarda, qəzet və jurnallarda, televiziya və radioda reklam, eləcə də ictimai nəqliyyatda) istifadə etməklə yanaşı, Social Media Marketing, email-marketing və s. kimi geniş yayılan onlayn kanalları da uğurla inkişaf etdiririk. Bu gün bizim əsas səylərimiz rəqəmsal marketinqin inkişafına yönəlib. Rəqəmsal marketinqdə konkret müştərinin konkret tələbatlarını nəzərə alaraq məhsul haqqında məlumatı daha asan və effektiv şəkildə çatdırmaq mümkündür. Yəni burada həm müəyyən seqmenti seçmək, həm də insanın zövqünü və üstünlük verdiyi amilləri öyrənmək və yalnız onun üçün maraqlı olan məhsulu təqdim etmək olur.
Məsələn, əgər siz nə vaxtsa onlayn otel rezervasiyası etmisinizsə, yəqin fikir vermisiniz ki, sonradan daxil olduğunuz bütün saytlarda bu otellərin reklamı sizi təqib edir. Bu, remarketinqdir – rəqəmsal texnologiyaların inkişafı sayəsində yaranmış və son bir neçə il ərzində aktuallaşmış yeni marketinq istiqamətidir. Bütün bunlar onunla bağlıdır ki, rəqəmsal marketinq müştəri haqqında daha çox məlumat əldə etmək və bizə həmin müştərilərlə daha yaxşı əlaqə kanalları seçmək imkanı verir, bu isə öz növbəsində daha sonra remarketinq edilməsinə şərait yaradır.
– Cari il üçün planlarınız necədir? Müştərilərin tələbatları nəzərə alınmaqla, son dövrlərdə bankın marketinq strategiyası necə dəyişib?
– Öncə qeyd etdiyim kimi, iqtisadiyyatda baş verən dəyişikliklər nəticəsində biz Bankın ümumi strategiyasını dəyişirik və biznes proseslərini optimallaşdırırıq. Biz anlayırıq ki, gələcəkdə yüksək texnologiyalı banklar daha üstün mövqedə olacaq. İnsanlar daim harasa tələsirlər, onların banka gəlməyə vaxtları çatmır. Bizim onlayn bankinq istifadəçilərinin sayının gündən-günə artması buna əyani sübutdur. Buna görə də biz yüksək texnologiyalara, IT infrastrukturumuza daha çox sərmayə yatırırıq, həmçinin bu məsələlərdə beynəlxalq təcrübəyə malik ekspertlər cəlb edirik.
Dünya təcrübəsinə nəzər salsaq görərik ki, bir çox banklar maliyyə xidmətlərinin təqdim olunmasında ənənəvi üslubdan kənara çıxaraq daha çox proseslərin avtomatlaşdırılmasına üstünlük verirlər. İnsanların əyani şəkildə bank xidmətlərini əldə etmək tələbatı azalır, dünyada tədricən filial şəbəkəsi olmayan banklar daha geniş yayılır və bununla yanaşı, bu banklar irihəcmli müştəri portfelinə malik olurlar. Əlbəttə, müştəri bankdan nə isə aldıqda bunu bilavasitə onunla üzbəüz əyləşən bank əməkdaşından alır. Müştərilər aparatdan daha çox, insana etibar edir. Çünki öz əmanətlərini banka yatıran hər bir şəxs bank əməkdaşına etibar edir və pullarına görə onun cavabdehlik daşıdığını düşünür. Deməli, həmin aparat o dərəcədə etibarlı, bankın nüfuzu isə o qədər yüksək olmalıdır ki, həmin şəxs öz pulunu aparata etibar edə bilsin. Buna görə də biz Bankın nüfuzunun möhkəmləndirilməsi üçün daha çox səy göstərməliyik ki, АссеssBank haqqında danışarkən insanlarda xoş hisslər yaransın, çünki son nəticədə hər bir alışın arxasında emosiyalar dayanır.
– Bu il bankın müştərilərini hansı yeni məhsullar və kampaniyalar gözləyir?
– Yeni məhsul və kampaniyalara gəldikdə xüsusilə qeyd etmək istərdim ki, biz korporativ bankçılığı daha da inkişaf etdiririk. Kiçik biznesin və fərdi sahibkarların dəstəklənməsi daim aktual olan bir məsələdir. “Made in Azerbaijan” brendlərinin yaranması aktuallaşdıqca, Bankımız da yerli sahibkarlığa hərtərəfli dəstək verməyə çalışır. Bizim əsas üstünlüyümüz müştərilərə fərdi yanaşmağımız, onların konkret tələbatlarını və biznes potensialını nəzərə almağımızdır. Sirr deyil ki, son dövrlərdə bank bazarında, o cümlədən korporativ biznes sahəsində qeyri-kredit məhsullarının əhəmiyyəti daha da artır. Biz istənilən dəyişikliklərə cəld reaksiya verməyə və müştərilərin yeni tələbatlarına maksimum səviyyədə cavab verməyə çalışırıq. Bu yaxınlarda AccessBank korporativ müştərilərin yeni tələbatlarına cavab verən və onların nağdsız hesablaşmalarını əhəmiyyətli dərəcədə asanlaşdıran «Biznesə 5D» adlı kampaniyaya başladı. Bu kampaniya çərçivəsində sahibkarlar 5 məhsul və xidməti: cari hesabları, əməkhaqqı layihələrini, onlayn bankinq, POS-Terminal və VÖEN hesaba bağlı Biznes kartı pulsuz əldə edə bilərlər. Bu il biz müştərilərimizi təkcə korporativ bankçılıq sahəsində deyil, həm də pərakəndə xidmətlər və onlayn bankçılıq sahəsində yeni təkliflərlə sevindirəcəyik.
– Daha bir vacib məsələ maliyyə savadlılığının artırılmasıdır. Bank bu sahədə nə kimi tədbirlər görür?
– Maliyyə savadlılığı çox əhəmiyyətlidir – əhali maliyyə sahəsində nə qədər məlumatlı olarsa, bank xidmətlərinin seçimində də daha diqqətli olar və öz büdcəsini düzgün planlaşdırar. Bu isə, öz növbəsində, ölkədə iqtisadi vəziyyətə təsir göstərmiş olacaq.
Maliyyə savadlığının artırılması bizim korporativ sosial məsuliyyət sahəsində fəaliyyətimizin vacib istiqamətlərindən biridir. Biz müxtəlif ali məktəblərin tələbələri, məktəblilər və onların valideynləri üçün mütəmadi seminarlar keçiririk, media nümayəndələri üçün treninqlər təşkil edirik.
Hal-hazırda Bank Nоn-Financial Services (NFS) layihəsi üzərində çalışır – bu layihənin əsas məqsədi kiçik və orta sahibkarların maliyyə savadlılığının artırılmasıdır. Banklar tərəfindən qeyri-maliyyə xidmətlərinin göstərilməsi dünya təcrübəsində geniş yayılıb. Bazarın sürətlə dəyişməsi iş adamlarından biznesin aparılması üçün yeni bilik və bacarıqlar tələb edir. Bunu nəzərə alan AccessBank ölkədə ilk dəfə olaraq NFS layihəsinin icrasına başlayıb – bu layihə biznesin idarə olunması, marketinq və satış, vergi, maliyyə və digər sahələrdə treninqlərin keçirilməsini əhatə edir.
Gənclər üçün nəzərdə tutulmuş layihələrə gəldikdə isə, qeyd etmək istərdim ki, biz gənclər üçün təkcə maliyyə savadlılığı sahəsində deyil, həm də IT sahəsində layihələr həyata keçiririk. Məsələn, IT Camp layihəsi çərçivəsində biz ölkənin aparıcı ali məktəblərinin tələbələrini Banka təcrübəçi kimi götürdük. Bu gənclər 2 aydan artıq bir müddətdə bizdə informasiya texnologiyaları sirlərinə yiyələniblər. Layihənin sonunda onlardan ən fəalları Banka işə qəbul olundu.
– Bu yaxınlarda Siz “Qayğıkeş ana” adlı yeni layihə həyata keçirmisiniz. Demək olar ki, AccessВank öz məhsullarının reklamını arxa plana çəkərək diqqətini sağlam gəncliyin formalaşmasına yönəldən azsaylı banklardan biridir. Zəhmət olmasa, bu kampaniya haqqında ətraflı məlumat verin. Bu kampaniyanın məqsədi nədir, kimin üçün nəzərdə tutulub? Bank nəyə görə məhz bu istiqamətlə məşğul olmağa qərar verib?
– Bu layihə ilə biz insanlara özünə və öz həyat keyfiyyətinə qarşı diqqətli olmağın nə qədər vacib olduğunu xatırlatmağa çalışmışıq. Bizim yaratdığımız virtual ana bilbordlarda, İnternetdə, virtual oyunlarda görünərək faydalı məsləhətlər verdi. Məsələn, bilbordda təsvir olunan ana yalnız icazə verilən yerdən yolu keçməyi, sükan arxasında ehtiyatlı olmağı məsləhət görür. Virtual məkanda ana vaxtı vaxtında yatmağı, gözlərin qayğısına qalmağı, evdən çıxarkən qazı, suyu və işığı söndürməyi, tövsiyyə edir, hətta vaxtında ailə qurmağın vacibliyini xatırladır. Biz layihə ilə bağlı çoxsaylı müsbət fikirlər aldıq və çox məmnunuq ki, hər birimiz üçün zəruri olan nikbin əhval-ruhiyyəni insanlara bəxş edə bildik.
Bank öz fəaliyyəti ərzində mədəniyyət, idman, təhsil sahəsində 150-dən artıq sosial layihə həyata keçirib. Biz fiziki imkanları məhdud olan şəxsləri, valideyn himayəsindən məhrum olmuş uşaqları daim dəstəkləmişik, tələbələri beynəlxalq təcrübə toplamaq üçün xaricə göndərmişik. Bütün bu layihələri biz əməkdaşlarımızın iştirakı ilə həyata keçirmişik – bizim üçün əsas məqsəd layihənin miqyası yox, insanlara real yardım göstərməyimiz olub.
Biz bu cür layihələri həyata keçirməklə bir daha göstərmək istəyirik ki, bank, sadəcə mənfəət əldə etməyi düşünən maliyyə strukturu deyil – biz cəmiyyət qarşısında öz məsuliyyətimizi dərk edir və müsbət dəyişikliklərə öz töhfəmizi veririk.