Bir bank üçün müştəridən dəyərli kim və ya nə ola bilər? Zənnimizcə, heç kim və heç nə! Bank onların uğuruna öz uğuru kimi sevinir. Açığı, belə uğurlu müştərilərimiz kifayət qədər çoxdur. Biz onlarla, onlar isə bizimlə birlikdə böyüyür. “AccessBank” olaraq qərara gəldik ki, müştərilərimizin uğur hekayələrini bölüşək.
Layihəmizin ilk qəhrəmanı Bakıdan nə az, nə çox – düz 400 km aralıda, Tərtərin Qaynaq Qapanlı kəndində yaşayan Razim Abışovdur. Bilməyənlər üçün qeyd edək ki, bu kənd cəbhə bölgəsində yerləşir. Görüş təyin etmədən öncə Razim kişi mövzu ilə maraqlandı. Mövzunu öyrəndikdən sonra müştərimiz qısa cavab verdi: “Bala, mənim qapım “AccessBank”ın uşaqlarının üzünə hər zaman açıqdır!”
Açığı, mən bu insanla tanış deyiləm, amma ilk dəqiqədən o artıq qəlbimi fəth etmişdi. Etiraf edim ki, söhbət onun “AccessBank”ın ünvanına səsləndirdiyi tərifdən getmir. Əlqərəz, Razim kişi ilə görüşün yerini və vaxtını razılaşdırdıq. Öz dili ilə desək, o, sutkanın 24 saatını iş başında olur.
İki gün sonra mən artıq Tərtərdə idim. Təbii ki, qəhrəmanımı tapmaq üçün yerli camaatdan onu soraqlaşdım. Sən demə, Razim kişi burada ən məşhur şəxslərdən biri imiş.
Çox keçmir ki, mən artıq onu şəxsən tanımaq imkanı tapdım. Qarşımda əli qabar bağlamış adi bir kənd kişisi dayanmışdı. Niyəsə dərhal anladım ki, bu adi kənd kişisi qayda-qanunu sevən və işini bilən adamdır.
Elə evin girişində qeyri-ixtiyari söhbətə başladıq:
– Maşallah, sizi tanımayan yoxdur…
– (Təvazökar şəkildə gülərək) Kənd yerində hamı bir-birini tanıyır…
– Özünü tanıtdırmaq da hər adamın işi deyil axı.
– Orası elədir. Mehriban ailəyik, bəlkə də ona görədir.
Ardınca həmsöhbətim layihənin ilk qəhrəmanı kimi niyə məhz onun seçildiyini soruşdu. Cavab sadədir: müştərimiz 10 ildən artıqdır ki, “AccessBank” ilə əməkdaşlıq edir və ən nümunəvi müştərilərimizdən biridir. Onun bu cavaba reaksiyası da maraqlı idi:
– Öz aramızdı, 10 il bundan öncə hansı banka getdimsə, mənə heç 1000 manat kredit verən olmadı. O vaxt ancaq “AccessBank” 2000 manat kredit verdi. Sizin əməkdaşlar dedi ki, işlər yolunda getsə, əlavə kredit də verə bilərik. O gündən sizin bankla işləyirəm.
– 2000 manatla başladınız bu işə?
– Hə, bala. İki dənə inək aldım və gətirib bağladım tövləyə. Şükür ki, işlər yolunda getdi və heyvanın sayı başladı artmağa. Sonra yenə “AccessBank”dan kredit götürdüm və tövləni böyütdüm. İndi 50 baş dana, 100 baş qoyunum var. Nəyim varsa, nə əldə etmişəmsə, “AccessBank”ın hesabınadır.
– Məncə sizin uğurunuzda əsas pay sahibi elə özünüzsünüz. Kredit götürüb, o pulu işlədə bilməyənlər də az deyil axı…
– Mən uşaqlarıma həmişə bu sözü demişəm: bankın pulunu sağa-sola xərcləmək olmaz! Xərclədinsə, evin yıxıldı. Pul pul gətirməlidir. Bunu qoyaq bir kənara, bizim ən böyük üstünlüyümüz odur ki, ailəmiz yumruq kimidir. Üç oğlum var, gecə-gündüz işləyirlər, mənə kömək edirlər. Hər bir sahədə belədir: işləyənə çörək var!
Razim kişi özünü nümunəvi müştəri sayır. Deyir ki, hər ay üzrə kredit ödənişlərini vaxtından öncə həyata keçirir və bu 10 ildən artıq davam edən ənənəyə çevrilib. Müştərimiz aylıq kredit borcunu ödəmək üçün Tərtərdən Bərdəyə, yəni filiala gedənləri də anlamır: “Mənim işlətdiyim telefona bax, bala. Elə ona baxanda bilinir ki, mən yeni texnologiyadan uzağam. Amma bilirəm ki, yaxındakı marketlərdəki terminallardan ödəniş etmək olur. Tərtərdən Bərdəyə ödəniş üçün gedənləri görəndə əsəbləşirəm. Ay rəhmətliyin oğlu, kreditin yarısı qədər pulu benzinə xərcləyirsən axı!”
Filialımızın müştəriyə olan münasibəti ilə də maraqlandım. Cavab olduqca qısa və lakonik idi: “Bu bankda mənə gözün üstündə qaşın var deyən yoxdur!”
Müştərimiz deyir ki, “Bərdə” filialının əməkdaşları ara-sıra onu ziyarət edərək monitorinq həyata keçirirlər. Razim bəy bunun üstünlüklərindən də danışdı: “Mənə bir gün bir nəfər gəlib dedi ki, Razim, mal-qaradan 10-15 dənəsini ver mənə, bankdan kredit götürüm, sonra heyvanları qaytararam. Razılaşmadım! İzah etdim ki, evi tikilmiş, bank işçiləri uşaq deyil, gəlib qəfildən yoxlayanda nə deyəcəksən?!”
Zəhmətkeş deyir ki, kənd təsərrüfatı sahəsinə sırf biznes kimi baxmaq doğru deyil: “Mən torpağa bağlı adamam. Heyvanlarıma baxmaq sanki mənim ömrümü uzadır. Onların hər birinə fərdi qaydada yanaşıram, çünki heç bir canlı eyni ola bilməz. Onlar da canlıdır və hər şeyi hiss edir: sən ona sevgi ilə yanaşsan, bəhrəsini görəcəksən; sevməsən, nəticə yaxşı olmayacaq. Bilirsiniz ki, bizim zonanın bərəkətli torpağı var. Bu amil də vacibdir, amma sən işini sevə-sevə görməsən, ona ürəyini qoymasan torpaq sənə kömək etməyəcək. Bu işə başlayandan hər gün yeni bir şey öyrənirəm. Hətta baytarlığı da öyrənmişəm. Öz aramızdır, sənin malına səndən yaxşı kim can yandıra bilər ki?!”
Kəndlilər artıq indidən qışa hazırlıq işlərini də bitiriblər: “Çoxu elə bilir ki, mal-qaranı alıb, tövləyə bağlayırsan, qabağına ot, yem və su qoyursan, bununla da iş bitdi. Elə deyil! Mən günümün əksər hissəsini heyvanlara həsr edirəm. Otun da, yemin də ən yaxşısını alıram. Su təchizatı da avtomatlaşdırılıb. Bu heyvanlar xüsusi rejimlə qidalanır və su içir. Rejimdən kənara çıxmaq olmaz – bu, əsas şərtlərdən biridir”.
Açığı, müştərimizlə söhbət etmək olduqca maraqlı idi və bu söhbətlərin bitməsini istəmirsən. Vidalaşmaq vaxtı çatanda isə qəhrəmanımın gələcək planları ilə maraqlandım. Dedi ki, yaxın gələcəkdə yeni tövlənin tikintisini planlaşdırır: “Onun üçün də sizdən kredit götürəcəm. “Bərdə” filialının uşaqlarına deyin ki, nəzərə alsınlar”.
Razim kişiyə elə onun öz sözləri ilə cavab verdim: “Onsuz sizə “AccessBank”da gözün üstündə qaşın var deyən yoxdur. Hər bir müştəri kimi, sizin də üzünüzə qapımız hər zaman açıqdır!”
İlkin Əhmədov
Bakı – Tərtər – Bakı