Azərbaycanda fəaliyyət göstərən 100% Avropa kapitallı “AccessBank” QSC-nin İdarə Heyətinə yeni üzvə təyin edilib.
Banker.az-ın əldə etdiyi məlumata görə, Elşən Hacıyev İdarə Heyətinin üzvi seçilib. Bankdan bildirilir ki, onun təyinatı Azərbaycan Mərkəzi Bankı tərəfindən də təsdiqlənib.
Qeyd edək ki, 2021-ci ilin əvvəlinə qədər “AccessBank” QSC-nin İdarə Heyətinin sədri Anar Həsənov idi. O, “Yelo Bank”a sədr kimi getdikdən sonra İdarə Heyətinə müvəqqəti sədrlik Evgenia Qaşikulinya tapşırılıb. Andrei Zainulin isə sədrin müavini vəzifəsində idi. Beləliklə, Bankın İdarə Heyətinin tərkibində qanunda tələb olunduğu kimi yenidən rezident şəxs olacaq.
Elşən Hacıyev AccessBank təsis olunduğu gündən Maliyyə və Mühasibatlıq Departamentinə rəhbərlik edirdi.
AccessBank-da çalışmazdan əvvəl, cənab Hacıyev 6 il Bakı şəhərindəki HSBC Bankında Maliyyə Nəzarəti üzrə Rəhbər vəzifəsində, eləcə də Azərbaycan Sənaye-İnvestisiya Bankında və Moskva şəhərində “Menatep” Bankında çalışıb. 2013-cü ildə cənab Hacıyev Maliyyə Nəzarəti üzrə İcraçı Direktor vəzifəsinə təyin olunub. Cənab Hacıyev Moskvada Avtomobil Yolları İnstitutunda “Avtomobil nəqliyyatının iqtisadiyyatı və təşkili” ixtisası üzrə mühəndis-iqtisadçı kvalifikasiyasını alıb. Böyük Britaniyanın Maliyyə Xidmətləri İnsitutu (keçmiş İxtisaslaşmış Bank Əməkdaşları İnstitutu) tərəfindən verilən maliyyə xidmətlərinin idarəolunması üzrə diploma malikdir.
Azərbaycan, rus və ingilis dillərini bilir.