“AccessBank” İdarə Heyətinin tərkibindəki dəyişiklikləri rəsmi olaraq bəyan edib.
Banker.az-a Bankdan verilən məlumata görə, Bankın İdarə Heyətinin Sədri Anar Həsənov Bankı bu ilin dekabr ayının sonunda tərk edir.
Anar Həsənovun Bankdan ayrılmasından sonra İdarə Heyətinin yeni Sədrinin seçilib, Bankın beynəlxalq səhmdarları və Mərkəzi Bank tərəfindən təsdiqlənməsinədək Sədr vəzifəsini xanım bankir Yevqeniya Qaşikulina icra edəcək. Y. Qaşikulina 2019-cu ilin aprel ayında İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə təyin olunub.
“Anar Həsənov Bankda 18 il fəaliyyət göstərdi və bu müddət ərzində qarşımıza qoyduğumuz strateji hədəflərə çatmağımızda onun əvəzsiz rolu var. Cənab Həsənov qərar verib ki, digər yerli bankda fəaliyyətinə davam edərək, yeni nailiyyətlər əldə etsin. Mən onun qərarına hörmətlə yanaşıram və yeni işində uğurlar arzu edirəm. Həmçinin “AccessBank”ın Müşahidə Şurasının adından Anar Həsənova Bankda fəaliyyəti dövründə çalışqanlığı və sadiqliyi üçün təşəkkürümüzü bildirirəm. Əminəm ki, yeni komandası Anar Həsənovun təcrübəsindən və idarəetmə bacarığından çox şey qazanacaq. “AccessBank” Azərbaycan bank sektorunu hər zaman yüksək səviyyəli mütəxəssislərlə təmin edib. Hazırda “AccessBank”ın keçmiş əməkdaşları müxtəlif maliyyə qurumlarında mühüm vəzifələrdə işləyirlər” – deyə “AccessBank”ın Müşahidə Şurasının sədri Oleq İvaniyçuk Bankda kadr dəyişikliklərini şərh edərkən deyir.
Oleq İvaniyçuk deyib ki, “AccessBank”ın həm Baş ofis, həm də filiallarda çalışan peşəkar komandası Bankın uğurunun əsas zəminidir: “Biz əminik ki, bu komanda müştərilərimizə yüksək səviyyədə xidmət göstərərək, Bankımızı yeni inkişaf səviyyəsinə qaldıracaq. “AccessBank”ın Azərbaycan iqtisadiyyatında vacib rol oynamağa davam edərək, ölkədə mikromaliyyələşdirmə lideri mövqeyini qoruyub saxlayacağına əminəm. Bu komandanın bir hissəsi olmağımla fəxr edirəm.”
Banker.az-ın əldə etdiyi məlumata görə, A.Həsənov bir il öncə rebrendinq etmiş “Yelo Bank”a sədr kimi gedəcək.
Anar Həsənov mikro, kiçik və orta sahibkarlığın, korporativ və pərakəndə biznesin inkişafı üzrə 17 illik iş təcrübəsinə malikdir. O, AccessBank-da fəaliyyətini 2002-ci ilin sentyabr ayında mikrokreditləşmə üzrə mütəxəssis vəzifəsində başlayıb, daha sonra baş kredit mütəxəssisi vəzifəsinədək yüksəlib və yeni yaradılmış KOB departamentinə keçirilib. 2006-cı ilin iyul ayında Pərakəndə bankçılıq departamentinin direktoru vəzifəsinə təyin olunub, 2007-ci ilin sentyabr ayında isə İdarə Heyətinə üzv seçilib. Anar Həsənov 2013-cü ilin sentyabr ayından AccessBank-ın İdarə Heyətinin sədr müavini, 2017-ci ildən isə İdarə Heyətinin sədrinin birinci müavini və baş əməliyyat inzibatçısı (COO) vəzifəsinə təyinat alıb. 2018-ci ilin iyun ayından İdarə Heyətinin sədri və baş menecer vəzifələrində çalışırdı.
O, İstanbul Universitetinin İqtisadiyyat fakültəsinin “Maliyyə” bölümündə təhsil alıb, Azərbaycan Dövlət İqtisad Universitetində “Bank işi və kredit” ixtisası üzrə magistr dərəcəsinə yiyələnib. Anar Həsənov həmçinin Pensilvaniya Universiteti nəzdində “Ali Bank Məktəbi”ni bitirib.