Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokunda tikilən “Azəri Mərkəzi Şərqi” (ACE) platformasının tikintisi layihəsi Xəzər dənizində enerji təhlükəsizliyinin təmin olunmasına öz töhvəsini verəcək.
Bu barədə Neft Sənayesi Mühəndisləri Cəmiyyətinin (SPE) təşkilatçılığı ilə keçirilən 10-cu Yubiley Xəzər Texniki Konfransında çıxışı zamanı “BP-Azərbaijan”ın maliyə məsələləri üzrə vitse-prezidenti Kolin Alan bildirib.
Onun sözlərinə görə, hazırda bu layihə çərçivəsində işlər davam etdirilir və platformadan neftin hasilatının gələn il başlanılacağı planlaşdırılır.
Kolin Alan onu da xatırladıb ki, 6 milyard dollarlıq ACE layihəsi Xəzər dənizində nəhəng AÇG yatağının işlənilməsinin növbəti mərhələsidir. Layihəyə yeni dəniz platforması və gündəlik 100 000 barelədək hasilat gücündə digər qurğular daxildir.
Qeyd edək ki, layihənin istismar müddəti ərzində ümumilikdə 300 mln. barelədək neft hasil olunacağı proqnozlaşdırılır.
Xatırladaq ki, AÇG-də pay bölgüsü bu nisbətdədir: BP – 30.37% (operator), AzACG (SOCAR) – 25%, MOL – 9.57%, “Inpex” – 9.31%, “Equinor” (keçmiş “Statoil”) – 7.27%, “ExxonMobil” – 6.79%, TPAO – 5.73%, “Itochu” – 3.65% və “ONGC Videsh Ltd.” (OVL) – 2.31%. Tərəflər arasında razılaşma 30 il müddətinə etibarlı olub (2024-ci ildə başa çatmalı idi). Buna baxmayaraq, 2017-ci il sentyabr ayının 14-də Azərbaycan hökuməti və SOCAR, beynəlxalq tərəfdaş şirkətlərlə birlikdə AÇG-nin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş saziş imzalayıblar. AÇG-nin 2050-ci ilə qədər inkişafını əhatə edən yeni müqavilə əsrin ortalarınadək blokun inkişaf potensialını əhəmiyyətli dərəcədə artırmağa imkan yaradacaq.