14 C
Baku
Thursday, November 7, 2024

AÇG-də yeni qiymətləndirmə quyusunun qazılmasına başlanılıb

“Azəri-Çıraq-Günəşli” (AÇG) strukturunda hazırda istismarda olan neft yatağının altındakı dərin qaz layları haqqında məlumat toplamaq məqsədilə yeni qiymətləndirmə quyusunun qazılmasına start verilib.

Bunu “BP-Azerbaijan” şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tamam Bayatlı deyib.

Cari ilin yanvar ayında AÇG layihəsinin operatoru olan BP şirkəti AÇG-də istismarda olan neft yatağının altındakı dərin qaz layları haqqında məlumat toplamaq məqsədilə yeni qiymətləndirmə quyusunun qazılması üçün əməliyyatlara bağlanıldığını elan edib. A22z adlanan bu quyu “Çıraq” platformasından qazılacaq və mövcud A22 injektor quyusundan (su vurma quyusu – red.) yan lülə vasitəsilə AÇG strukturunun cənub cinahı ərazisindəki dərin qaz laylarına daxil olacaq.

Tamam Bayatlının sözlərinə görə, injektor quyusunun istifadə olunmayan (aşağı hissəsinin – red.) hissəsində bağlanma və tərketmə işləri başa çatdırılıb və quyunun qalan hissəsindən yan lülənin qazılmasına start verilib.

“Lazım olan bütün hazırlıq işləri aparılıb və bu gün quyunun qazılmasına başlanılıb”, – “BP-Azerbaijan” nümayəndəsi qeyd edib.

Qeyd edək ki, quyunun ümumi dərinliyi mövcud quyunun lazım olan üst hissəsi və yeni qazılacaq hissə ilə birlikdə 4 500 metr təşkil edəcək. Quyunun qazılması işləri “Çıraq” platformasında hasilat prosesinə heç bir təsir göstərməyəcək.

Əgər uğurlu olarsa, quyudan əldə olunacaq məlumat həmin ərazinin strukturu və dərin laylardakı təzyiqlər haqqında anlayışların genişlənməsinə imkan verəcək. Quyunun qazılması təqribən üç ay çəkəcək. Bundan sonra quyuda geniş karotaj proqramı və təzyiq məlumatlarını qeydə almaq üçün ölçmə cihazlarının quraşdırılması da nəzərdə tutulub.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər