Gələn il “Azəri-Çıraq-Günəşli” yataqları blokundan (AÇG) xam neft hasilatının həcmi 125.9 mln. barel olması proqnozlaşdırılır ki, bu da hasilatın aşağı düşməsi səbəbindən 2023-cü ilin proqnoz göstəricisinə nisbətən 7.7 mln. barel və ya 5.76% azdır.
Bu barədə “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2024-cü il büdcəsinin layihəsinə Hesablama Palatasının rəyi”ndə bildirilib.
Sənədə əsasən, bu il üçün qeyd olunan göstərici 133.6 mln. barel səviyyəsində proqnozlaşdırılıb.
Qeyd olunur ki, AÇG üzrə son illərin proqnoz göstəricilərinə nəzər saldıqda 2015-ci il hasilat proqnozu ilə 2024-cü ilin hasilat proqnozu arasında təqribən 106.1 mln. barel və ya 45.7% azalma müşahidə edilib.
Xatırladaq ki, AÇG-də pay bölgüsü bu nisbətdədir: BP – 30.37% (operator), AzACG (SOCAR) – 25.00%, MOL – 9.57%, “Inpex” – 9.31%, “Equinor” (keçmiş “Statoil”) – 7.27%, “ExxonMobil” – 6.79%, TPAO – 5.73%, “Itochu” – 3.65% və “ONGC Videsh Ltd.” (OVL) – 2.31%. Tərəflər arasında razılaşma 30 il müddətinə etibarlı olub (2024-ci ildə başa çatmalı idi). Buna baxmayaraq, 2017-ci il sentyabr ayının 14-də Azərbaycan hökuməti və SOCAR, beynəlxalq tərəfdaş şirkətlərlə birlikdə AÇG-nin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş saziş imzalayıblar. AÇG-nin 2050-ci ilə qədər inkişafını əhatə edən yeni müqavilə əsrin ortalarınadək blokun inkişaf potensialını əhəmiyyətli dərəcədə artırmağa imkan yaradacaq.