15 C
Baku
Thursday, September 19, 2024

AÇG-də hasilatın düşməsi Dövlət Neft Fondunun gəlirlərinin azalmasına səbəb olub

Azərbaycanın suveren fondu Dövlət Neft Fondunun neft və qaz gəlirlərində bu il əhəmiyyətli azalma müşahidə olunur. Bununla belə, hasilatın düşməsinə rəğmən qiymətlərin bu il öncəki ildən bir qədər baha olması gəlirlərdəki azalmanı kompensasiya edə bilib.

Banker.az xəbər verir ki, ölkənin əsas yataqlarından əldə edilən gəlirlər ötən illə müqayisədə 9.7 faiz azalıb.

2024-cü ilin ilk səkkiz ayında Azəri Çıraq Günəşli (AÇG) yatağından əldə edilən gəlirlər 4 milyard 271.6 milyon ABŞ dolları təşkil edib. Bu, 2023-cü ilin eyni dövründə 4 milyard 728 milyon dollar idi.

Şahdəniz yatağından (qaz və kondensat) gəlirlər də ciddi şəkildə azalıb. 2024-cü ilin 1 yanvar – 1 sentyabr dövründə bu yataqdan əldə edilən gəlir 364.46 milyon ABŞ dolları olub ki, bu da 2023-cü ildəki 1 milyard 183 milyon dollarlıq gəlirdən xeyli aşağıdır.

Kondensat satışından əldə olunan gəlirlər isə 113.88 milyon dollar olub, ötən il bu rəqəm 259.55 milyon dollar təşkil etmişdi.

AŞG yatağının operatoru “BP Azerbaijan” bildirib ki, 2024-cü ilin ilk altı ay üçün AÇG-dən ümumi hasilat – Çıraq (22 000), Mərkəzi Azəri (96 000), Qərbi Azəri (77 000), Şərqi Azəri (52 000), Dərinsulu Günəşli (57 000), Qərbi Çıraq (29 000) və ACE (3,000) platformalarından birlikdə – gündə orta hesabla 336 000 barel və ya ümumilikdə təxminən 61 milyon barel, yəni 8 milyon ton olub.

2023-cü ilin birinci yarısında AÇG-dən ümumi hasilat – Çıraq (23 000), Mərkəzi Azəri (98 000), Qərbi Azəri (91 000), Şərqi Azəri (61 000), Dərinsulu Günəşli (67 000) və Qərbi Çıraq (35 000) platformalarından birlikdə – gündə orta hesabla 375 000 barel və ya ümumilikdə təxminən 68 milyon barel, yəni 9 milyon ton olmuşdu.

Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, Azərbaycan 2023-cü ilin ilk yarısında neftin bir tonunu xaricə 608 dollara satdığı halda, qiymətlər bu il artaraq 628 dollar olub.

Son xəbərlər
Digər xəbərlər