Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqları istismara veriləndən 1 aprel 2025-ci il tarixinədək burada 655,2 milyon tona yaxın neft (kondensatla birlikdə), 476,8 milyard kubmetr qaz hasil edilib.
Energetika Nazirliyindən verilən məlumata görə, AÇG-dən 605,6 milyon ton neft, 233,2 milyard kubmetr qaz, “Şahdəniz”dən isə 49,6 milyon tona yaxın kondensat, 243,6 milyard kubmetr qaz çıxarılıb.
Məlumata görə, qeyd olunan yataqlardan istismara veriləndən 1 aprel 2025-ci il tarixinədək təqribən 653,2 milyon ton neft və 174,8 milyard kubmetr qaz ixraca nəql edilib.
Qeyd olunur ki, 2025-ci ilin 1-ci rübü ərzində, operativ məlumatlara əsasən respublikada 6,9 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Hasilatın 4 milyon tonu AÇG-nin, 1 milyon tonu (kondensat) “Şahdəniz”in, 0,14 milyon tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 1,8 milyon ton təşkil edib.
“Rüb ərzində 5,7 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 4,9 milyon tonu konsorsiumların, 0,7 milyon tonu SOCAR-ın, 0,14 milyon tonu isə “Abşeron” yatağının payına düşüb”, – hesabatda qeyd olunur.
Hesabata əsasən, 2025-ci ilin yanvar-mart aylarında ölkədə 12,6 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 3,4 milyard kubmetri AÇG-nin, 6,8 milyard kubmetri “Şahdəniz”in, 0,4 milyard kubmetri “Abşeron” yatağının, 2 milyard kubmetri isə SOCAR-ın payına düşüb.
“Hesabat dövründə xaricə qaz satışı 6 milyard kubmetr təşkil edib. Bundan 3 milyard kubmetr Avropaya, 2,3 milyard kubmetr Türkiyəyə (o cümlədən TANAP-la 1,4 milyard kubmetr), 0,7 milyard kubmetr isə Gürcüstana satılıb”, – məlumatda bildirilir.