®Azərbaycanın ən iri kibertəhlükəsizlik müəssisəsi olan Prosol Şirkəti ilə ADA Universiteti arasında daha güclü yerli kiber mütəxəssislərin hazırlanması və ölkəmizə qazandırılması istiqamətində əməkdaşlığa start verilib. Bu əməkdaşlıq çərçivəsində ilk tədbir 17 fevral 2022-ci ildə baş tutub.
Tədbirin əsas məqsədi isə kibertəhlükəsizliyin müasir dünyada nə qədər önəmli olduğunu izah etmək, bu mövzuda gəncləri maarifləndirmək və yeni mütəxəssislərin yetişdirilməsi prosesinə özəl sektorun dəstəyini təmin etmək olmuşdur. Tədbirin açılışını Prosol Şirkətinin İnformasiya təhlükəsizliyi üzrə Baş direktoru cənab Əlixəyyam Quluzadə və Kiberaraşdırma şöbəsinin rəhbəri cənab Elnur Eyvazlı edib. Daha sonra Prosol Şirkətinin digər əməkdaşlarının və tələbələrin iştirakı ilə sual-cavab bölməsi oldu və ətraflı müzakirələr keçirildi.
ADA-da keçirilən tədbirdə tələbələr Prosol Şirkətinin fəaliyyət istiqaməti, strateji hədəfləri haqda məlumat əldə edib, onlara kibertəhlükəsizlik mövzusunda edilən təqdimatı dinləyiblər. Təqdimat zamanı tələbələr şirkətdə yaradılmış Kiber Təlim Mərkəzi haqqında da ətraflı məlumat əldə ediblər. Prosol Kiber Təlim Mərkəzi universitet tələbələri və təhsilini başa vuran gənclərimizə xüsusi proqram əsasında 3 aylıq təhsil verərək, onların mütəxəssis olaraq yetişməsinə töhfə verir. Əlavə olaraq, tələbələrə kibertəhlükəsizlik mövzusunda real nümunələr əsasında kibermüharibələr barədə, müasir kiber hücumlardan effektiv qorunma metodları və sistem nəzarətinin gücləndirilmə üsulları haqda məlumat verilib.
Qeyd edək ki, tam olaraq milli mütəxəssislərdən formalaşan və “beyin mərkəzi” kimi də fəaliyyət göstərən Prosol Şirkəti, ölkəmizdə dayanıqlı kibermühitin formalaşdırılması və daha da güclü xarakter alması istiqamətində dünyanın aparıcı şirkətləri ilə sıx tərəfdaşlıq edir.