ADA Universiteti 2018-2019-cu tədris ilinin qəbul nəticələrini açıqlayıb.
Universitetdən bildirilib ki, ali təhsil ocağına yeni 529 bakalavr və 100 magistr qoşulub. Universitetin tədris, təhlil və planlaşdırma şöbəsinin məlumatına görə, bu il bütün ixtisaslar üzrə ümumi orta qəbul balı 548 bal təşkil edib. Ölkə üzrə ən yüksək -700 bal toplayanlardan beşi ADA-nı seçib. Bu tədris ilindən etibarən açılan hüquqşünaslıq ixtisasına isə nəzərdə tutulan yerlər dolaraq keçid balı 601 olub. Tədris məsələləri üzrə prorektor Vəfa Kazdal bildirib: “Digər tədris proqramlarımız kimi, hüquq proqramımız da dünyanın bu sahədə aparıcı təhsil təcrübələrinə və savadlı, səriştəli, məsuliyyətli qlobal vətəndaşlar yetişdirmək kimi missiyamıza söykənir. Gələcək məzunlarımız öz sahələrində yüksək etik dəyərlərə, güclü tətbiqi biliklərə, XXI əsrin tələb etdiyi tənqidi düşüncə, təhlil, dəyərləndirmə və kommunikasiya qabiliyyətlərinə malik kadrlar kimi çox töhfələr verəcəklər”.
ADA Universitetinə bu il 38 müxtəlif ölkədən xarici tələbə qəbul olunub. Onlardan beşi Prezident İlham Əliyevin ötənilki müvafiq Sərəncamına uyğun olaraq İslam Əməkdaşlıq Təşkilatının üzv dövlətləri vətəndaşlarına ayrılan təhsil qrantlarından faydalanıb, 14 nəfər isə Xarici İşlər Nazirliyi tərəfindən təsis edilən “Əlimərdan bəy Topçubaşov” təqaüdü qazanıb. Universitetin beynəlxalq, hökumət və tələbə məsələləri üzrə prorektoru Fariz İsmayılzadənin sözlərinə görə, bu il Bolqarıstan, Çili, Eritreya, Fransa, İndoneziya, Tacikistan və Liberiya ADA-ya ilk tələbələrini göndərib. Prorektor deyib: “Tələbə heyətimizin artan beynəlmiləlliyi ADA fərqlərindən biridir. Bununla yanaşı, hər tələbə mübadilə proqramı ilə 70-dək xarici universitet tərəfdaşımızdan birində bir semestr təhsil ala bilər. Fərqli mədəniyyətdə keçirilən təhsil vaxtı gənclərimizə təkcə akademik biliklər verilmir, eləcə də məsuliyyət, təşəbbüs, cavabdehlik kimi dəyərlər aşılanır. Onların milli kimlik və vətənpərvərlik ruhu daha da möhkəmlənir”.
Qeyd edək ki, 2018-2019-cu tədris ilinin nəticələrinə görə ADA Universitetinə qəbul edilən 198 tələbənin təhsil xərcləri qaçqın, məcburi köçkün, valideyn himayəsindən məhrum, Qarabağ müharibəsi əlili və digər sosial imtiyazlı təbəqəyə aidiyyəti üzrə dövlət büdcəsi vəsaiti hesabına ödəniləcək.