Azərbaycanda əhalinin adambaşına düşən orta aylıq gəliri 2026-cı ilin II rübündə 408,42 manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,5% artım deməkdir.
Banker.az bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Şəhər yerlərində adambaşına aylıq gəlir 425,41 manata çataraq illik 8,3% artıb. Kənd yerlərində isə bu göstərici 388,19 manat olub və 7,3% yüksəlib. Beləliklə, II rübdə şəhər əhalisinin adambaşına orta aylıq gəliri kənd əhalisinin gəlirini 37,22 manat üstələyib.
Şəhər və kənd yerlərində gəlirlərin strukturu da fərqlənib. Şəhərlərdə muzdlu işdən əldə edilən aylıq gəlir 193,1 manat olmaqla 7,2% artıb. Kəndlərdə isə bu göstərici 106,23 manat təşkil edib və 7,8% yüksəlib. Özünüməşğulluqdan gəlirlər şəhərlərdə 101,19 manat, kəndlərdə isə 164,90 manat olub.
Kənd təsərrüfatı məhsullarının istehsalından əldə edilən gəlirlər şəhərlərdə adambaşına aylıq 6,72 manat, kəndlərdə isə 77,77 manat təşkil edib. Hər iki göstərici illik müqayisədə müvafiq olaraq 0,7% və 3,8% artıb.
Cari transfertlərdən əldə olunan gəlirlər də artıb. Şəhər əhalisinin bu mənbədən aylıq gəliri 92,88 manat olmaqla 13%, kənd əhalisinin gəliri isə 83,19 manat olmaqla 11,1% yüksəlib. Pensiya gəlirləri şəhərlərdə 13,2%, kəndlərdə isə 11,9% artıb.







