Asiya İnkişaf Bankı (ADB) Asiya ölkələrində iqtisadi artımın azalacağını proqnozlaşdırıb.
Bu barədə ADB-nin “Regional Economic Outlook” hesabatının iyul sayında bildirilib.
Məlumata görə, Bank Asiyanın inkişaf edən iqtisadiyyatları üzrə 2022-ci il üzrə iqtisadi artım proqnozunu 5.2%-dən 4.6%-ə və 2023-cü il üçün 5.3%-dən 5.2%-ə qədər azaldıb.
Bildirilib ki, Çində COVID-19-la bağlı tətbiq edilən məhdudiyyətlər, inkişaf etmiş iqtisadiyyatlarda sərtləşmə və Rusiyanın Ukraynaya uzun sürən işğalının nəticələri, daha aqressiv pul siyasəti səbəbindən iqtisadi perspektivlərin pisləşməsi ADB-ni iqtisadi artımla bağlı proqnozuna yenidən baxmağa məcbur edib.
Bank yanacağın və ərzaq qiymətlərinin yüksəlməsi fonunda inkişaf etməkdə olan Asiya iqtisadiyyatları üçün inflyasiya proqnozunu 2022-ci il üzrə 3.7%-dən 4.2%-ə və 2023-cü il üçün 3.1%-dən 3.5%-ə qədər yenidən artırıb.
“Bununla belə, Asiya ölkələrində inflyasiya təzyiqləri dünyanın digər regionlarından daha azdır”,-deyə hesabatda qeyd edilib.