10 C
Baku
Friday, December 13, 2024

ADB: “Azərbaycanın orta və uzunmüddətli inkişafına çox müsbət yanaşırıq”

Azərbaycanın 1999-cu ildən əməkdaşlıq etdiyi Asiya İnkişaf Bankı (ADB) dünyanın pandemiyadan sonrakı dövrə mərhələli keçidini nəzərə alaraq, bu il üçün ölkənin inkişafı ilə bağlı proqnozlarını yaxşılaşdırıb. Üstəlik, burada iqtisadi artımın əsas mühərriki qismində qeyri-neft sektoru çıxış edir.

Asiya İnkişaf Bankının vitse-prezidenti Şiksin Çen bankın ölkəmizin qısa və ortamüddətli inkişafı ilə bağlı proqnozları, həmçinin ADB ilə Azərbaycan arasında əməkdaşlıq planları barədə danışıb.

– Bu və gələn il üçün Azərbaycanda iqtisadi artımla bağlı gözləntiləriniz nədir? Mövcud qlobal iqtisadi və siyasi qeyri-sabitliyi nəzərə alaraq hökumətə hansı tövsiyələri verə bilərsiniz?

– İlin birinci yarısında Azərbaycanda ÜDM artaraq təqribən 6,2 % təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə (2,1 %), ilk növbədə, iqtisadiyyatın qeyri-neft sektoru hesabına xeyli artımı var. Hesab edirəm ki, bu, yaxşı göstəricidir. Bundan əlavə, daxili tələb və istehlak da güclüdür.

Bunu nəzərə alaraq, Azərbaycanın ÜDM artımı ilə bağlı gözləntilərimiz bu il üçün təqribən 4,2 %, növbəti il ​​üçün isə 2,8 % təşkil edir. Bu, dünyada mövcud olan müəyyən qeyri-sabitliklə əlaqədardır. Qlobal konteksti nəzərə alsaq, bu cür proqnozlar müəyyən qeyri-müəyyənliyə malikdir.

Hökumət, vəziyyəti yaxşılaşdırmaq üçün bir sıra tədbirlər görüb ki, zənnimcə, bu, müsbət haldır. Bundan əlavə, Azərbaycanda iqtisadi artımı dəstəkləyə biləcək bir çox potensial sahələr var.

Birinci sahə hökumətin qarşıya strateji məqsəd kimi qoyduğu “yaşıl artım”dır. Buna misal kimi enerji sektorunda bərpa olunan enerji mənbələrini, eləcə də enerji səmərəliliyini göstərmək olar.

İkinci istiqamət insan kapitalının inkişafıdır. ADB Azərbaycan ilə birgə texniki peşə təhsili proqramı hazırlayır. Biz bacarıqların inkişafı baxımından böyük potensial görürük. İnsan kapitalı, təhsil, səhiyyə və sosial sahələr gələcək inkişaf üçün əhəmiyyətli potensiala malikdir.

Üçüncü mühüm potensial sahə regional əməkdaşlıq, bütün növ kommunikasiyaların və əlaqələrin inkişafıdır.

Bu amilləri birləşdirərək, biz Azərbaycanın gələcəklə bağlı orta və uzunmüddətli inkişafına çox müsbət yanaşırıq. Bu amillər qlobal iqtisadi qeyri-sabitlik dövründə ölkədə davamlı artımı dəstəkləyə bilər.

– Azərbaycan və ADB arasında yeni əməkdaşlıq strategiyası üzərində iş necə gedir? O, hansı sahələri əhatə edəcək? Özəl sektor da daxil olmaqla, ölkədəki layihələri dəstəkləmək üçün nə qədər büdcə ayrılacaq?

– Bildiyiniz kimi, ADB-nin Azərbaycan ilə hazırkı tərəfdaşlıq strategiyasının müddəti gələn il başa çatır. Biz hökumətlə 2024-2028-ci illəri əhatə edəcək yeni proqramın hazırlanmasını müzakirə edirik.

Ümumilikdə, yeni tərəfdaşlıq proqramı ölkənin 2022-2026-cı illər üzrə dövlət inkişaf strategiyasına və ADB-nin 2030-cu ilə qədər öz strategiyasına tam uyğunlaşdırılacaq.

Biz birlikdə necə işləyə biləcəyimizi başa düşmək üçün hər bir ölkəyə ayrıca diqqət yetiririk. Biz həmçinin innovativ həlləri tətbiq etmək və sinerji əldə etmək üçün bu həlləri təkcə dövlət sektoruna deyil, həm də özəl sektora inteqrasiya etmək üçün səy göstəririk. Düşünürəm ki, bizim məqsədimiz elə bunlardır.

Gələcək əməkdaşlıq sahələri baxımından biz “yaşıl artım”ı, həmçinin iqlim dəyişikliyinin fəsadlarının yumşaldılması və ona uyğunlaşma məsələlərini nəzərdən keçiririk. İstixana qazı emissiyalarını azaltmaq üçün günəş və külək enerjisinin inkişafına səy göstərmək vacib məsələlərdəndir. İqlim dəyişikliyi ilə əlaqədar yeni şəraitə uyğunlaşma baxımından, məsələn, suvarmanın yaxşılaşdırılması layihələrini nəzərdən keçiririk.

Digər sahə gender məsələlərinə aiddir. Biz gender  bərabərliyinin vəziyyətinin yaxşılaşdırılması yollarını nəzərdən keçiririk. Buna görə də strategiyamıza qadınlara və qızlara dəstək göstərilməsi də daxil ediləcək.

Daha əvvəl qeyd etdiyim kimi, ADB özəl sektoru da dəstəkləyir, bundan əlavə, rəqəmsallaşma və yüksək texnologiyalar da çox vacib sahələrdəndir.

Büdcəyə qayıdaraq deyə bilərəm ki, ADB-nin vəsaitinin ayrılması hər bir layihənin nə dərəcədə hazır olmasından asılı olacaq. Dövlət sektoru üçün biz yüksək hazırlıq səviyyəsi olan layihələri dəstəkləyəcəyik. Özəl sektor üçün hər şey bazar şəraitindən asılı olacaq. Bununla bağlı komandamız Azərbaycan hökuməti ilə işləyəcək.

Biz əməliyyatlarımızı təkmilləşdirmək üçün çalışacağıq. Əgər daha yaxşısını və daha çoxunu edə bilsək, edəcəyik.

– Azərbaycanda investisiya mühitini necə qiymətləndirirsiniz? Onu daha cəlbedici etmək üçün ADB-nin hansı tövsiyələri var?

– Tarixən Azərbaycanda neft-qaz sektoru birbaşa xarici investisiyalar mənbəyi olub. Dövlətin özəl sektoru necə uğurla stimullaşdırdığının da şahidi oluruq. Bu da öz növbəsində kənd təsərrüfatı, nəqliyyat, logistika və turizm sahələrində artımı təmin edir. Ölkədə bərpa olunan enerji mənbələrinin inkişafı istiqamətində bir çox tədbirlər həyata keçirilib.

Lakin əvvəlki kimi investisiya mühitinin daha da yaxşılaşdırılması yolunda maneələr mövcuddur. Məsələn, vergi və gömrük siyasətində əlavə tədbirləri nəzərdən keçirmək olar. Həmçinin, bir sıra digər islahatlar da faydalı ola bilər.

İqtisadiyyatı, xüsusən də qeyri-məhdud inkişaf potensialına malik qeyri-neft sektorunu və sənayeni şaxələndirmək üçün birlikdə işləyə bilərik.

Daha əvvəl də dediyim kimi, Azərbaycan “yaşıl artım”, yüksək texnologiyalar, rəqəmsallaşma kimi bir çox sahələrə, eləcə də insan kapitalının inkişafı, təhsil, səhiyyə və sosial müdafiə sahələrində investisiyaların cəlb edilməsi üzrə aktivliyi artıra bilər. Biz bu məsələdə birgə işləyə bilərik. Bundan əlavə, transsərhəd infrastrukturun inkişafını da unutmaq olmaz.

COVID pandemiyası və inflyasiya kimi qlobal problemlər səbəbindən ADB-yə üzv ölkələr həssas əhali qruplarını dəstəkləmək üçün səy göstərir. Beləliklə, büdcə konsolidasiyası və sabitlik daha çox diqqət tələb edir, çünki yoxsul və həssas təbəqələri dəstəkləməklə bəzi əsas sektorlara investisiya yatırılması da diqqətdən kənar qalmamalıdır. Sosial müdafiə çox böyük vəsait tələb edir, ona görə də dövlət həssas təbəqələri və iqtisadi inkişafı dəstəkləmək arasında balans yaratmalıdır. Bu amillər investisiya üçün yaxşı mühit yaratmağa kömək edə bilər.

Bununla yanaşı, bildirmək istərdim ki, özəl sektor iqtisadiyyat və investisiyaların cəlb edilməsi üçün çox vacib əhəmiyyət kəsb edir, buna görə də biz biznesin aparılmasının asanlaşdırılması üçün səylərimizi davam etdirəcəyik.

Müsbət tədbirlərdən biri dövlət və özəl sektor arasında tərəfdaşlıq haqqında qanunun qəbul edilməsi olardı. Bu, özəl sektora etimadı artırmağa və risklərin bölüşdürülməsi baxımından özəl-dövlət sektoru tərəfdaşlığını gücləndirməyə şərait yarada bilər.

– Azərbaycan regional əməkdaşlığın daha da möhkəmlənməsində hansı rolu oynaya bilər?

– Hazırda qlobal iqtisadi əməkdaşlıqla bağlı vəziyyət çox qeyri-müəyyəndir, ona görə də irəli getmək üçün biz regional əməkdaşlığı gücləndirməliyik ki, bu da problemlərin birgə aradan qaldırılmasına kömək edəcək.

Azərbaycan regional tərəfdaşlıqda mühüm rol oynayır və bunun üçün, həm də CAREC (Mərkəzi Asiya İqtisadi Əməkdaşlıq Proqramı) çərçivəsində çox səy göstərir. Ötən il Azərbaycan CAREC-in nazirlər iclasına sədrlik edib.

Azərbaycan regional əməkdaşlığı və inteqrasiyanı dəstəkləmək və təşviq etmək üçün səylərini davam etdirməlidir. Bu, təkcə Azərbaycana deyil, bütün regiona əhəmiyyətli dərəcədə kömək edə bilər.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər