Asiya İnkişaf Bankı (ADB) Brent xam neftinin 2025-ci ildə ortalama qiymətini bir barel üzrə 74 ABŞ dolları, 2026-cı ildə isə 71 dollar proqnozlaşdırıb.
Bu barədə bankın hesabatında bildirilib. Bununla belə ADB hesab edir ki, neft qiymətləri azalmaqda davam edəcək: “Neft qiymətlərinin qlobal tələbin zəifləməsi və geniş təklif səbəbindən azalacağı gözlənilir. Ticarət mübahisələrinin artması, qlobal tələbi zəiflədə biləcək, eləcə də ABŞ-ın xam neft ehtiyatlarının artması neft qiymətləri üzərində aşağı istiqamətli təzyiq yaradıb”.
ADB qeyd edib ki, elektrikli nəqliyyat vasitələrinin istifadəsinin getdikcə genişlənməsi və bərpa olunan enerji mənbələrinə keçidin davam etməsi neft tələbinin azalacağına işarə edir.
“Qlobal neft təklifinin 2025-ci ildə gündə 1.8 milyon barrel və 2026-cı ildə gündə 1.5 milyon barrel artması proqnozlaşdırılır. Bu artım OPEC+, ABŞ, Kanada, Braziliya və Qayana tərəfindən istehsalın artırılması ilə bağlıdır” – ADB əlavə edib.