Asiya İnkişaf Bankı (ADB) növbəti 5 ildə Azərbaycanda yaşıl keçid, dəmir yolu, metro və su infrastrukturu üzrə iri investisiyalar planlaşdırır.
Banker.az xəbər verir ki, bunu ADB-nin Azərbaycan üzrə ölkə direktoru Sunniya Durrani-Camal Azərbaycanla əməkdaşlığın nəticələrini və qarşıdakı dövr üçün prioritetlərini açıqlaykən bildirib.
O deyib ki, 2025-ci ildə ADB komandası dövlət qurumları və özəl sektorla sıx əməkdaşlıq edərək ölkə üzrə prioritetləri müəyyənləşdirib. Bu prioritetlər ADB Direktorlar Şurası tərəfindən iyul ayında təsdiqlənmiş yeni ölkə tərəfdaşlıq strategiyasının əsasını təşkil edib.
Qeyd olunub ki, strategiya ADB-nin Azərbaycana milli və regional səviyyədə inkişaf məqsədlərinə çatmaqda necə dəstək göstərəcəyini müəyyən edir. Növbəti beş il ərzində Bank Azərbaycanın yaşıl keçidini, iqtisadiyyatın dəyər zəncirinin genişləndirilməsini və dayanıqlığının artırılmasını dəstəkləməyə davam edəcək. Eyni zamanda, bacarıqların inkişafı və məşğulluğun artırılması ADB üçün əsas prioritet istiqamətlərdən biri olacaq.
Sunniya Durrani-Camal bildirib ki, ADB-nin Azərbaycandakı fəaliyyəti Bankın yüksək səviyyəli rəhbərliyinin ölkəyə səfərləri ilə də güclənib. Bu çərçivədə vitse-prezidentlər Yingbing Yang, Scott Morris, Pargav Dasgupta və baş direktor Lea Gutierrezin səfərləri xüsusi qeyd olunub.
ADB prezidenti Masato Kandanın noyabr ayında Bakıya səfərinin Bankın Azərbaycana sadiqliyini bir daha təsdiqlədiyi vurğulanıb. Bildirilib ki, bu mərhələ ölkənin sülh dividendlərindən faydalanmağa hazır olduğu mühüm dövrə təsadüf edir.
ADB rəsmisi irəliləyişlərin dövlət qurumları, özəl sektor və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq sayəsində mümkün olduğunu qeyd edib və Bankın qlobal komandalarına təşəkkürünü ifadə edib.
Açıqlamaya görə, ADB yaxın dövrdə dəmir yolu, Bakı metropoliteni və su təchizatı infrastrukturu üzrə iri investisiyaların icrasına hazırlaşır. Bununla yanaşı, kiçik və orta sahibkarlığın (KOS) dəstəklənməsinin genişləndirilməsi də planlaşdırılır. Bütün bu təşəbbüslər daha yaşıl və inklüziv Azərbaycanın formalaşdırılmasına xidmət edəcək.






