ADB: Yaxın Şərq münaqişəsinin uzanması Asiyada iqtisadi artımı zəiflədəcək, inflyasiyanı artıracaq

Yaxın Şərqdə münaqişənin uzanması 2026–2027-ci illərdə inkişaf etməkdə olan Asiya və Sakit okean regionunda iqtisadi artımı 1,3 faiz azalda, inflyasiyanı isə 3,2 faiz artıra bilər.

Bu barədə Asiya İnkişaf Bankının (ADB) yaydığı yeni araşdırmada bildirilir.

Qeyd olunub ki, münaqişə region iqtisadiyyatlarına əsasən enerji qiymətlərinin artması, təchizat zəncirində və ticarətdə pozuntular, həmçinin maliyyə şərtlərinin sərtləşməsi vasitəsilə təsir göstərir. Eyni zamanda, turizm və pul köçürmələri də risk altındadır.

ADB-nin qiymətləndirməsinə görə, təsirlərin miqyası münaqişə və enerji bazarındakı pozuntuların davam müddətindən asılıdır. Qısa müddətli ssenaridə enerji qiymətlərinə təzyiq tez azalacaq, lakin uzunmüddətli pozuntular artımın daha çox zəifləməsinə və inflyasiyanın daha yüksək səviyyədə qalmasına səbəb olacaq.

Bildirilir ki, iqtisadi artıma mənfi təsirlər ən çox inkişaf etməkdə olan Cənub-Şərqi Asiya və Sakit okean ölkələrində hiss olunacaq, inflyasiya isə əsasən Cənubi Asiyada daha sürətli artacaq. Bu ssenarilər yüksək qeyri-müəyyənlik fonunda qiymətləndirildiyindən ehtiyatla yanaşılması tövsiyə olunur.

ADB-nin baş iqtisadçısı Albert Park qeyd edib ki, uzunmüddətli enerji pozuntuları region ölkələrini zəif artım və yüksək inflyasiya arasında seçim etməyə məcbur edə bilər. Onun sözlərinə görə, hökumətlər bazar gərginliyini azaltmağa və ən həssas qrupları qorumağa yönəlməli, eyni zamanda uzunmüddətli dayanıqlığı artıran siyasətlər həyata keçirməlidir.

Hesabatda qeyd olunan siyasət tədbirlərinə enerji qiymətlərinin bazara ötürülməsi, hədəfli və müddətli fiskal dəstək, mərkəzi bankların inflyasiya gözləntilərini nəzarətdə saxlaması və enerji tələbatının azaldılması kimi addımlar daxildir.

Qeyd edək ki, ADB 1966-cı ildə yaradılmış və Asiya-Sakit okean regionunda dayanıqlı və inklüziv iqtisadi artımı dəstəkləyən aparıcı çoxtərəfli inkişaf bankıdır.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər