Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) Azərbaycan Mərkəzi Bankına olan kredit borcunun daha 30 milyon manatını vaxtından əvvəl ödəyib.
Banker.az bunu AMB-nin illik audit hesabatına istinadın xəbər verir.
2021 il ərzində Azərbaycan Mərkəzi Bankı ADIF-ə illik 0.15 faiz dərəcəsi ilə 60 milyon manat məbləğində kredit vermişdi. AMB-nin hesabatında 2022-ci il ərzində əsas borc üzrə 30 milyon məbləğində vəsait vaxtından əvvəl geri ödəndiyi qeyd edilir. 2021-ci ildə isə 40 mln. manat kredit ödənilmişdi.
Bununla da 31 dekabr 2022-ci il tarixinə ADIF-in Mərkəzi Banka borcunun həcmi 221.94 mln. manat təşkil edib.
Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna verilmiş kreditlərə lisenziyası ləğv edilmiş və müvafiq məhkəmə qərarları əsasında müflis elan olunmuş banklarda fiziki şəxslərin qorunan əmanətlərinin qaytarılması üzrə kompensasiyaların ödənilməsi, bununla da maliyyə-bank sisteminin dayanıqlığını təmin etmək məqsədilə dövlət zəmanəti ilə verilmiş aşağı faizli kreditlər daxildir.