Azərbaycanda parfumeriya və kosmetik məhsullar satan mağazalar şəbəkəsi – “Adore Kompani” MMC (İdeal mağazalar şəbəkəsi) barəsində cərimə protokolu tərtib edilib.
Banker.az xəbər verir ki, bununla bağlı Azərbaycan Mərkəzi Bankı İnzibati Xətalar Məcəllləsinin 430.4-cü maddəsi ilə cərimə protoklu tərtib edib, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə göndərib.
Bu maddə İXM-də valyuta tənzimi qaydaları pozulmasına görədir.
Belə ki, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.
Şirkət nə zaman cərimələnir?
Sahibkar müqavilə bağlayaraq, xarici şirkətə ödəniş edib, sövdələşdiyi vaxt yox, 2 il müddət çərçivəsində malı həmin şirkətdən ya almalı, ya da ödədiyi maliyyə vəsaitini geri qaytarmalıdır. Bunlara əməl etmək mümkün olmadıqda isə sahibkarlara Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən, müqavilə məbləğinin 20-30 faizi civarında cərimə protokolu tərtib olunur.
Xatırladaq ki, “Adore Kompani” MMC əvvəllər “İdeal Kompani adlandırılırdı. Şirkət rəqib olan “Sabina” Parfumeriya və Kosmetika mağazalar şəbəkəsini aldıqdan sonra rebrendinq etmişdi.