Təhsil naziri Emin Əmrullayevin iyunun 25-də imzaladığı müvafiq əmrlə Azərbaycan Dövlət Pedaqoji Universitetinə (ADPU) yeni prorektor təyin olunub.
Universitetdən verilən məlumata görə, əmrə əsasən Könül İsak qızı Pirverdiyeva Pedaqoji Universitetin strateji inkişaf məsələləri üzrə prorektoru təyin edilib.
İyunun 29-da universitetdə yeni prorektorun təqdimatı olub. Könül Pirverdiyevanı ali təhsil müəssisəsinin rəhbər heyətinə rektor, professor Cəfər Cəfərov təqdim edib.
Qeyd edək ki, K. Pirverdiyeva Bakı Slavyan Universitetinin “Pedaqogika nəzəriyyəsi və tarixi” ixtisası üzrə magistr, həmin universitetin “Ümumi pedaqogika, pedagogikanın və təhsilin tarixi” istiqaməti üzrə doktorantura təhsil pilləsinin məzunudur. Hazırda Türkiyə hökumətinin təqaüdü ilə Başkənt Universitetində Təhsilin idarə olunması ixtisası üzrə ikinci doktorantura təhsilini davam etdirir. ABŞ Dövlət Departamentinin təşkil etdiyi “ABŞ-da dərslik və tədris proqramlarının hazırlanması” istiqaməti üzrə təqaüd proqramının məzunudur. Honqkonq, Almaniya, Malta, Avstriya, Türkiyə, Gürcüstan və s. ölkələrdə beynəlxalq təlim və seminarlarda iştirak edib.
Əmək fəaliyyətinə Azərbaycan Respublikasının Təhsil Şurasında ümumi şöbə müdiri və “Təhsil və zaman” qəzetində köşə yazarı olaraq başlayıb, daha sonra Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzində elmi işçi, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun Təhsildə İnnovasiyalar Mərkəzində baş mütəxəssis, daha sonra həmin mərkəzin müdiri, AR Təhsil İnstitutunda Psixoloji xidmət şöbəsinin müdiri olaraq çalışıb. ADPU-da, ADBTİA-da Təhsilin idarə olunması və Pedaqogika tarixi fənlərini tədris edib.
Beynəlxalq şagird qiymətləndirmə proqramlarına (PIRLS, TIMSS və PISA) hazırlıq və onların təşkili, ümumtəhsil məktəblərində şagird nailiyyətinin qiymətləndirmə müxanizmlərinin, həmçinin mövcud tədrisin məzmununun beynəlxalq qiymətləndirmə tələblərinə uyğun olaraq təkmilləşdirilməsi, ibtidai sinif şagirdlərində oxuyub-anlama bacarıqlarının inkişaf etdirilməsi metodikalarının hazırlanması, xüsusilə regionlarda çalışan müəllimlərin peşəkarlığının artırılması, gənc müəllimlərə metodiki dəstəyin göstərilməsi, ümumtəhsil müəssisələrində psixoloji xidmət işinin təşkili kimi bir sıra mühüm layihələrə rəhbərlik edib.
İbtidai təhsil səviyyəsi üzrə oxuyub-anlama bacarıqlarının qiymətləndirilməsi, simulyativ tapşırıqlar əsasında riyaziyyatın tədrisi və qiymətləndirilməsi kimi bir sıra tədris vəsaitlərinin müəllifi və redaktorudur.