“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Rusiya istiqamətində kənd təsərrüfatı məhsullarının daşınması üçün vaqonların sayını artırıb.
Xurma, alma kimi məhsullar mövsümi xarakter daşıdığından şimal istiqamətində bu tipli daşımalarda artım qeydə alınıb. Həm yerli, həm də tranzit yük maşınları ilə bağlı yaranmış sıxlıqla əlaqədar dəmir yol nəqliyyatı ilə bu daşımalarda istifadə olunan qapalı vaqonlara olan tələbat artıb. Daşınma üçün əvvəlki dövrlərdə olduğu kimi ümumilikdə 358 vaqon cəlb edilib. Yaranmış sıxlıqla əlaqədar olaraq qısa zaman ərzində digər marşrutlarda istismar olunan 30 ədəd vaqon kənd təsərrüfatı məhsullarının daşınması üçün ayrılıb.
“ADY hzırda ixrac olunan kənd təsərrüfatı məhsullarının daşınmasında yaranmış sıxlığın qarşısının alınması məqsədilə əlavə əməliyyat tədbirləri görməkdədir. Belə ki, hazırda bu istiqamətdə prioritet tədbirlər çərçivəsində qısa marşrutlardan istifadəyə üstünlük verilməsi planlaşdırılır ki, bu da öz növbəsində qeyd olunan marşrut üzrə yük əməliyyatının sürətlənməsinə və vaqon dövriyyəsinin 2-3 dəfəyə qədər artmasına səbəb olacaq”, – deyə məlumatda qeyd olunub.