Azərbaycan Dəmir Yollarının törəmə şirkəti olan “ADY Express” MMC keyfiyyətli logistik servis təqdim edərək Qazaxıstan mənşəyi və Qazaxıstan təyinatlı yükdaşımaları dəfələrlə artırmağa nail olub.
Bu barədə “ADY Express” MMC-dən məlumat verilib.
2022-ci ilin 10 ayı ərzində hər iki istiqamətdə ADY Express 1 milyon tondan artıq yük daşımağa müvəffəq olub.
Bildirilib ki, 2021-ci ildə ADY Express-in bu istiqamətdə daşıdığı yüklərin miqdarı ümumi olaraq cəmi 125 min tondan bir qədər artıq olub, hazırda Qazaxıstanla bağlı yükdaşımaların 8 dəfə artdığını demək olar. İlin sonuna qədər isə bu göstəricinin 9-10 dəfə artıq olacağını proqnozlaşdırmaq mümkündür.
Bu ilin 10 ayı ərzində ADY Express Qazaxıstandan 950 min tona yaxın yük nəql edib ki, bunun 96%-i tranzit yüklərin payına düşüb.
Eyni dövr ərzində ADY Express Qazaxıstana 100 min tona yaxın yük daşımağa nail olub.
Qeyd edək ki, Qazaxıstandan yüklər 2 marşrutla – Xəzər dənizi vasitəsi ilə və quru yolla Samur-Yalama keçidindən istifadə etməklə nəql edilir.