25 C
Baku
Monday, April 29, 2024

ADY: Gələn ilin əvvəlində yeni qatarlar istismara veriləcək

Ölkəmizdə dəmir yolu infrastrukturu inkişaf edir, müasir texnika və texnologiyaların tətbiqi ilə paralel olaraq sərnişinlərin Avropa istehsalı sürətli qatarlarla daşınması da həyata keçirilir. İnsanlar sürətli qatarlarla səyahət etməyə daha çox maraq göstərməyə başlayıblar.

Dəmir yolu ilə sərnişindaşımaları sahəsində görülən işlərlə bağlı “Azərbaycan Dəmir Yolları’’ (ADY) Qapalı Səhmdar Cəmiyyətinin Sərnişindaşıma departamentinin icraçı rəhbəri Azər Fərəcov ilə müsahibəni təqdim edirik.

– Azər bəy, birinci sualım ADY-nin Sərnişin daşımaları departamentinin fəaliyyəti ilə bağlıdır. Sərnişinlərin qatarla səyahətə olan marağını daha da artırmaq üçün hansı işləri görürsünüz?

– Dəvətiniz üçün mən də öz növbəmdə sizə təşəkkür edirəm. Bildiyiniz kimi, sərnişin daşınmasında ən öndə gələn faktorlardan biri səyahətin rahatlığının təmin edilməsidir. Bu məqsədlə, biz dünyanın aparıcı şirkətləri ilə əməkdaşlıq edirik. İsveçrənin “Stadler Rail Group” şirkətindən öz sinfində ən yaxşılardan hesab olunan “KİSS” markalı 9 ədəd ikimərtəbəli elektrik qatarları alınmış və istismara verilmişdir.

Komfortlu gediş-gəlişi təmin etmək üçün eyni zamanda bütün stansiya və dayanacaqlarda müasir turniket sistemi, bilet satışı köşkləri, müşahidə kameraları, müasir havalandırma sistemləri, eskalatorlar, liftlər quraşdırılmış, bundan əlavə piyada keçidləri, tunellər, kassa otaqları, gözləmə zalları inşa edilib.

Ümumilikdə, bu gün 14-ü Abşeron Dairəvi dəmir yolu xəttində, 8-i isə bölgələrdə olmaqla ADY-nin 22 dəmiryol stansiyası aktiv fəaliyyət göstərir.

Hazırda Abşeron Dairəvi dəmir yolu marşrutu üzrə hərəkət edən elektrik qatarlarına biletlərin satışı əsasən rəqəmsal ödəniş sistemi ilə həyata keçirilir. İlk dəfə olaraq, 2018-ci ilin avqust ayında sərnişinlər ADY-nin gediş kartlarından istifadə etməyə başladılar. Abşeron dairəvi dəmir yolu xəttinin bütün stansiyalarında təmassız ödəniş imkanı yaradılmış, kağız biletlərin satışı ləğv edilmişdir. Həmçinin, 2023-cü ilin iyun ayından etibarən Bakı, Gəncə və Qəbələ dəmiryol vağzallarında 1-ci sinif üzrə bilet alan sərnişinlər üçün VİP zallar fəaliyyətə başlayıb. 2023-cü ilin iyun ayının 14-dən etibarən isə Bakı-Ağstafa-Bakı və Bakı-Qəbələ-Bakı sürətli sərnişin qatarlarında biznes və birinci sinif müştərilər üçün ödənişsiz ketrinq xidmətinin göstərilməsinə başlanılıb. Ölkə daxilində hərəkət edən sürətli sərnişin qatarlarına onlayn bilet alan sərnişinlərin kassaya yaxınlaşmadan birbaşa qatarda qeydiyyatdan keçmələrini təmin etmək məqsədilə 2022-ci ilin avqust ayının 10-dan etibarən elektron biletə keçid edilib.

O cümlədən qatarların hərəkət cədvəlini rahat izləmək üçün əksər vağzal və stansiyalarımızda iri monitorlar quraşdırılmış, bölgələrə səyahət zamanı biletlərin fiziki olaraq alınmasında yaranan növbələr müvafiq qaydada tənzimlənmişdir. Yaxın aylarda istər stansiyalarda, istərsə də qatarlarımızda wifi zonasının yaradılması istiqamətində işlər görülür.

Qeyd etmək istərdim ki, bu günlərdə ADY-nin təşəbbüsü ilə müstəqil şirkət tərəfindən sərnişinlər arasında sorğu keçirilmişdir. Sorğunun keçirilməsində əsas məqsəd göstərdiyimiz xidmət səviyyəsi haqqında sərnişinlərin fikirlərini öyrənmək və onların istəklərini dinləmək idi. Sorğunun nəticələrinə uyğun olaraq, tərəfimizdən xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində zəruri tədbirlər görüləcək.

– Şəhərətrafı və ölkədaxili sərnişin daşınmalarında xidmət keyfiyyətinin artırılması üçün hansı addımlar atılır?

– Əhalinin ən sıx məskunlaşdığı paytaxt Bakıda nəqliyyatın hərəkətində müşahidə olunan sıxlıq, eyni zamanda artmaqda olan sərnişin tələbatının qarşılanması üçün ictimai nəqliyyatın payına düşən böyük yük ilə bağlı ADY də bir neçə layihələr icra etmişdir. Belə ki, 15 sentyabr 2015-ci il tarixindən etibarən sürətli qatarlarla Bakı-Biləcəri-Xırdalan-Sumqayıt-Bakı marşrutu üzrə sərnişindaşımaya start verilmişdir. Mərhələli şəkildə, 2019-cu ildə əvvəlcə Bakı-Sabunçu-Bakı daha sonra sözügedən marşrutun Pirşağı stansiyasına kimi uzadılması həyata keçirilmişdir. Apardığımız əsaslı yenidənqurma və təmir işlərinin ardınca 2020-ci ilin mart ayının 18-dən etibarən Bakı-Sumqayıt -Bakı dairəvi dəmir yolu tam istifadəyə verilmişdir. Bu marşrut üzərində Keşlə, Koroğlu, Bakıxanov, Sabunçu, Zabrat-1, Zabrat-2, Məmmədli, Pirşağı, Goradil, Novxanı, Sumqayıt stansiya və dayanacaqları yenidən inşa edilmiş və istismara verilib.

Müasir qatarlarla sərnişindaşıma öz nəticəsini göstərməkdədir. Sərnişinlər ADY-yə məxsus qatarlarla mənzilbaşına təhlükəsiz, vaxtında və rahat şəkildə çatırlar. Artıq ictimai nəqliyyata üz tutan vətəndaşlarımızın böyük hissəsi “Stadler” qatarları ilə səyahətə üstünlük verir, xidmət keyfiyyətimizdən məmnunluq ifadə edirlər.

– Bəzi bölgələrimizdə müasir sürətli qatarlarla sərnişindaşımanın bərpa olunması insanlar tərəfindən olduqca müsbət qarşılandı. ADY-nin ölkəboyu sərnişindaşımanın tam həyata keçirilməsi planları haqqında nə deyə bilərsiniz?

– Bəli, “COVID-19” pandemiyasından sonra bölgələrdə yaşayan insanlarımız qatarlarla sərnişindaşımanın bərpa olunmasını səbirsizliklə gözləyirdilər.

İlk olaraq, 2021-ci ilin mart ayının 19-dan etibarən Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarının fəaliyyətini bərpa etdik. Bakı-Böyük Kəsik-Bakı sahəsinin infrastrukturunda aparılmış əsaslı təmir işləri başa çatdırıldıqdan sonra və çoxsaylı sərnişin müraciəti nəzərə alınaraq, 2023-cü ilin mart ayının 18-dən etibarən Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarının marşrutunu Ağstafa stansiyasına kimi uzatdıq. Bu marşrut üzrə hər gün qatarlarımız hərəkət edir. Beləliklə də, Bakı-Ağstafa marşrutu üzrə hərəkət edən qatarlarımıza Biləcəri, Yevlax, Goran, Gəncə stansiyaları ilə yanaşı Tovuz və Ağstafa stansiyalarında da dayanacaq verildi.

Qeyd edim ki, əvvəllər Bakı-Gəncə-Bakı marşrutu üzrə hərəkət edən sürətli sərnişin qatarının doluluq faizi 58% təşkil edirdisə hazırda marşrutun Ağstafaya kimi uzadılması nəticəsində doluluq faizi 96%-ə yüksəlib.

Bundan əlavə, açılışı Prezident Cənab İlham Əliyev tərəfindən edilmiş Ləki-Qəbələ dəmir yolu xətti üzrə 2023-cü ilin 18 mart tarixindən etibarən ölkə tarixində ilk dəfə olaraq Bakı-Qəbələ-Bakı istiqamətində sürətli sərnişin qatarı xəttə buraxılmışdır. Bu qatar hazırda həftənin şənbə və bazar günləri həm Bakıdan Qəbələyə, həm də Qəbələdən Bakıya səyahətləri təmin edir. Bu qatarın ilk hərəkətə başladığı zamanlarda qatarın doluluq faizi 23% təşkil edirdisə hazırda qatarın doluluq faizi 60%-ə yaxındır.

Onu da əlavə etmək istərdim ki, 3 iyul tarixindən etibarən Bakı-Ağstafa-Bakı sürətli sərnişin qatarının hərəkət xəttinə Tovuz rayonunun Qovlar stansiyasında dayanacağın əlavə edilməsi sərnişin məmnunluğunun təmin edilməsinə önəmli təsirini göstərmişdir. Görülən işlərin davamı olaraq, yaxın bir neçə ay ərzində Şəmkir rayonunun Dəllər stansiyasında da qatara dayanacaq verilməsi istiqamətində işlər aparılır.

– Təbii ki, görülən işlər heç də hər zaman hər kəsi qane etməyə bilər. Gözləntilər qaçılmazdır. Deyə bilərsinizmi, sərnişinlər ADY-dən hansı yenilikləri görmək istəyir?

– İlk öncə qeyd edim ki, gördüyümüz tədbirlərin məntiqi nəticəsi olaraq sərnişinlər dəmiryolu xidmətlərindən daha çox istifadə etməyə başlamışdır. Statistik məlumatlar göstərir ki, bu ilin 7 ayında dəmir yolları ilə sərnişindaşımada 51% artım olub. Sürətli sərnişin qatarlarımız ilə 3 753 456 insan daşınıb. Bu rəqəmlərin yaxın aylarda daha da artacağını proqnozlaşdırırıq.

Qeyd edim ki, ötən ilin eyni dövründə ADY-nin sürətli qatarları ilə 2 490 436 sərnişin daşınıb.

Bir maraqlı statistikanı da sizinlə bölüşmək istəyirəm. Abşeron dairəvi dəmir yolu xətti ilə gündəlik 25 minə yaxın sərnişin daşıyırıq. Yay fəslində əsasən məktəblərin, ali təhsil müəssisələrinin bağlı olması səbəbindən bu rəqəm nisbətən aşağı olur.

Sərnişinlərin istəklərinə gəlincə, ölkədaxili sərnişindaşımanın bərpa edilməsi, xüsusilə Bakı-BöyükKəsik, Bakı-Balakən, Bakı-Astara, Bakı-Yalama istiqamətlərində qatarların xəttə buraxılması ən çox səsləndirilən istəklərdəndir. Eyni zamanda, sərnişinlərimiz uzaq mənzillərə səyahətlər üçün yataq tipli gecə qatarlarının fəaliyyətinin də bərpa edilməsini arzulayırlar. Bildiyiniz kimi, sürətli qatarlarda bu tip vaqonlar mövcud deyildir.

Bununla yanaşı, sürətli qatarlarla mənzilbaşına daha tez çatmaq mümkün olduğundan yataq tipli qatarların istifadəsinə o qədər də ehtiyac qalmır.

Bildiyiniz kimi, ölkəmizin böyük turizm potensialı var və biz bu vacib məqamı gözardı etmirik. Turizm şirkətləri ilə artıq əməkdaşlığa başlamışıq. İstər öz sakinlərimiz, istərsə də ölkəmizə səfər edən turistlərin regionlarımıza gediş-gəlişini asanlaşdırmaq üçün ADY-nin sürətli sərnişin qatarları səyahət seçimləri sırasına əlavə olunub. Belə ki, ilk addım olaraq “Summer Tour Azerbaijan” MMC ilə ADY arasında müqavilə imzalanmışdır. Əməkdaşlıq çərçivəsində Bakı-Qəbələ marşrutunun təşviq edilməsinə başlanılıb.

Qeyd edim ki, bu ilin 7 ayı ərzində sürətli qatarlarımızla səyahət edən sərnişinlərimizin 10 faizə yaxını məhz xarici turistlər olub.

– Təqdim etdiyiniz məlumatları dinlədikdən sonra növbəti sualım belədir: Sərnişin Daşımaları Departamenti fəaliyyətini təkmilləşdirmək üçün hansı addımları atmağı planlaşdırır?

– Özümüzü tərifləmək üçün fürsət verirsiniz, çox sağ olun (gülümsəyir). Təbii ki, departamentimiz öz fəaliyyətini daha da müasir standartlara uyğun qurmaq üçün yerində saymır.

İlkin addımlardan biri olaraq texniki bir struktur bölmədən müştəriyəyönəlik bir quruma çevrilməyi qarşımıza hədəf qoymuşuq. Mövcud vaqon parkına uyğun olaraq istiqamətlər üzrə qrafiklərdə müntəzəm optimallaşdırma aparılır. Əlaqə mərkəzinə daxil olan zənglər, eləcə də sosial media üzərindən göndərilmiş müraciətlər, təkliflər hərtərəfli təhlil olunur. Sərnişinlərlə işləyiriksə, müraciət və sorğular qaçılmazdır. Əlaqə mərkəzinə daxil olmuş hər bir sorğu detallı araşdırılır, müvafiq tədbirlər görülür. Yeri gəlmişkən, xidmətimizin daha da keyfiyyətli çatdırılmasında pay sahibi olmaq üçün sərnişinlərimizi daha aktiv şəkildə bizimlə əlaqə qurmağa, istək, şikayət, müraciət və sorğularını tərəddüdsüz bildirməyə dəvət edirəm.

Qeyd edim ki, sərnişinlərlə sıx ünsiyyətdə olan əməkdaşlarımıza xidmətin keyfiyyətinin artırılması istiqamətində xüsusi təlimlər keçirilir, yeni hədəflər təyin olunur. Müvafiq olaraq keyfiyyətə nəzarəti təmin etmək üçün müvafiq yerlərdə video müşahidə aparmağı nəzərdə tuturuq.

Eyni zamanda departamentimiz ADY-də həyata keçirilən transformasiya proqramı çərçivəsində həm də rəqəmsallaşır. Belə ki, yeni mobil tətbiqimiz tezliklə istifadəyə veriləcək. Nəticədə həm gedişlər asanlaşacaq, həm də loyal müştəri proqramları həyata keçiriləcək.

Əlavə olaraq onu da qeyd etmək istərdim ki, tələb, səyahət vaxtları, səyahətin məsafəsi və digər amillər əsasında bilet qiymətlərinin tənzimlənməsi üçün elastik qiymət strategiyasından istifadənin gələcəkdə həyata keçirilməsi də qarşımızda duran prioritet məsələlərdəndir.

– Etiraz etmirsinizsə, gəlin bir az da gələcək planlar və layihələr haqqında danışaq. Bilirik ki, qarşıdan gələn illərdə görüləcək işlər əvvəlcədən təyin olunur. Növbəti il üçün fəaliyyət planınızda nələr var?

– Bu ilin sonunda çox güman ki, ADY tərəfindən sifariş verilmiş “Stadler Rail Group” istehsalı olan 4 ədəd yeni “FLIRT” markalı dizel qatarları ölkəmizə gətiriləcək. Lakin onların istismara verilməsi 2024-cü ilin əvvəlinə planlaşdırılır. Yəni, Bakı-Ağstafa-Bakı marşrutu üzrə gündəlik olaraq 2 ədəd sürətli sərnişin qatarının buraxılması mümkün olacaq. Eyni zamanda, Bakı-Qəbələ-Bakı marşrutu üzrə sürətli sərnişin qatarının həftənin 7 günü yola çıxması da planlaşdırılır. Yeni qatarlar ölkəyə gətirildikdən sonra Abşeron Dairəvi dəmir yolu marşrutuna əlavə qatarların verilməsi mümkün olacaq ki, bu da öz növbəsində mövcud sıxlığın aradan qaldırılmasına əlavə imkanlar yaradacaq.

Bizə ən çox verilən suallardan biri də Bakı-Böyük Kəsik-Bakı və Bakı-Balakən-Bakı marşrutları üzrə köhnə yataq tipli vaqonlardan ibarət qatarların hərəkətinin bərpa edilməsi ilə bağlıdır. İnsanların arzu və istəklərini yaxşı başa düşürük. Xüsusi ilə də uzaq bölgələrdə yaşayan əhali üçün qatarla Bakıya gəlib-getmək daha əlverişlidir. Biz ilk öncə həmin marşrutlar üzrə dəmiryol xətlərində əsaslı təmir-bərpa işlərini aparmalıyıq. Bu məsələ üzərində düşünürük, iqtisadi layihələndirmə işlərini apardıqdan sonra yekun qərar verilə bilər.

Post-pandemiya tədbirlər paketimizin bir hissəsi olaraq, dövlətlərarası quru sərhədlər açıldığı halda “Stadler Rail Group” şirkətinin istehsalı olan yataq tipli sərnişin vaqonlarından ibarət “Bakı-Tbilisi-Ankara” marşrutu üzrə sürətli sərnişin qatarının fəaliyyətə başlaması da reallaşdırıla bilər.

MənbəApa
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər