18 C
Baku
Friday, October 24, 2025

Aerportdakı VİP şirkət 12 milyon manat xalis mənfəət əldə edib

Bakı Beynəlxalq Hava Limanında fəaliyyət göstərən “VİP Xidmətlər Qrupu” MMC 2024-cü ili 11 milyon 976,5 min manat xalis mənfəətlə başa vurub. Bu göstərici 2023-cü ildə qeydə alınan 8 milyon 47 min manatla müqayisədə 49 faiz artım deməkdir.

Banker.az xəbər verir ki, şirkətin gəlirləri 2024-cü ildə 37 milyon 212,5 min manat olub, əvvəlki ildə isə bu rəqəm 29 milyon 218,7 min manat təşkil edib. Gəlirlərin artımı ilə yanaşı, maya dəyəri də 14 milyon 654,3 min manata yüksəlib. Beləliklə, “VİP Xidmətlər Qrupu”nun ümumi mənfəəti 2024-cü ildə 22 milyon 558,2 min manat səviyyəsində formalaşıb, halbuki 2023-cü ildə bu göstərici 17 milyon 712 min manat idi.

Əməliyyat xərcləri il ərzində 7 milyon 45 min manat olub ki, bu da ötən ilin 8 milyon 511,6 min manatı ilə müqayisədə azalmanı göstərir. Hesabat dövrü üzrə mənfəət vergisi 3 milyon 264,6 min manat təşkil edib və nəticədə şirkət 2024-cü ili 11 milyon 976,5 min manat xalis mənfəətlə başa vurub.

Pul vəsaitlərinin hərəkəti hesabatına əsasən, əməliyyat fəaliyyətindən əldə olunan xalis pul vəsaiti 6 milyon 262,4 min manatdan 6 milyon 64,6 min manata düşüb. İl ərzində şirkət tərəfindən 9 milyon 250,5 min manat dividend ödənişi həyata keçirilib, bu da əvvəlki ildəki 7 milyon 449,7 min manatdan çoxdur. Hesabat ili sonunda şirkətin pul vəsaitləri və ekvivalentləri 914,8 min manat olub, 2023-cü ilin sonunda isə 1 milyon 412,1 min manat səviyyəsində idi.

Balans hesabatına görə, “VİP Xidmətlər Qrupu”nun ümumi aktivləri 2024-cü ilin sonunda 49 milyon 109,6 min manat olub, bu da əvvəlki ilin 45 milyon 903,1 min manat göstəricisindən yüksəkdir. Uzunmüddətli aktivlər 33 milyon 634,9 min manata, cari aktivlər isə 15 milyon 474,6 min manata bərabər olub. Cəmi öhdəliklər 13 milyon 917,5 min manat təşkil edib, kapital isə 35 milyon 192 min manata çatıb.

Hesabat ili ərzində şirkət səhmdarlarına 1 milyon 20 min manat dividend ödəyib. Bölüşdürülməmiş mənfəət 2023-cü ildəki 32 milyon 580,6 min manatdan 2024-cü ilin sonunda 35 milyon 92 min manata yüksəlib.

Xatırlatma!

“VIP Xidmətlər Qrupu” MMC 2011-ci ildə təsis edilib və həmin vaxtdan bu günə qədər şirkətin direktoru İlham Şükürov Sabir oğludur. 2018-ci ildə Emil İlizarov Semyonoviç qısa müddətə onun yerinə keçsə də, 2021-ci ildən oğlu Sabir Şükürov bu posta təyin edilib. 2023-cü ilin aprelindən İ.Şükürov yenidən şirkətin direktoru olub və bu günə qədər öz vəzifəsini davam etdirir.

Şirkət “Premium Bank” ASC-nin səhmdarıdır.

Son xəbərlər
Digər xəbərlər