Dünyanın diqqətinin İsrail-HƏMAS müharibəsinə yönəldiyi bir vaxtda Fransa Avropa və Afrikada sürətlə itirməkdə olduğu mövqeyi və nüfuzunu bərpa etmək üçün erməni kartından istifadə etməyə, müxtəlif bəhanələrlə Qafqaza soxulmağa çalışır. Bunun üçün də əsas bəhanə kimi guya ermənilərin Qarabağda reinteqrasiyası üçün özünə də aydın olmayan plan, proqram, komissiya, nümayəndələr və sair kimi ifadə və fikirləri ortaya atır. Buna cəhd etməzdən öncə Fransanın aşağıdakı suallara və onların cavablarına diqqət yetirməsi vacibdir ki, bundan sonra da özünə aid olmayan proseslərə zorla müdaxilə etməyə çalışaraq özünü daha çox rəzil etməsin:
1-ci sual: Qarabağa bundan sonra hansı ermənilərin qayıtmasından söhbət gedir?
Cavab: Qarabağda reinteqrasiya prosesində iştirak edəcək erməniləri bir neçə qrupa bölməklə suala daha aydın cavab tapmaq mümkündür.
Birinci qrup ermənilər: Qarabağda yaşayan bu ermənilərin əli azərbaycanlıların qanına batıb, onlar Xocalı soyqırımı daxil olmaqla bir çox şəhər və kəndlərimizdə mühabirə cinayətlərinin birbaşa iştirakçıları olublar. Həmin ermənilərin Qarabağda yaşamağa üzləri olmadığı üçün vətənləri Ermənistana geri qayıdıblar. Fransa da bunu gözəl anladığı üçün Qarabağda yaşayan ermənilərə kütləvi amnistiya verilməsi fikrini ortaya atır. Bununla da əslində siyasi səhvə yol verir. Çünki, Qarabağda yaşayan bu ermənilərin müharibə cinayətlərində və qanunsuzluqlarda əllərinin olduğunu etiraf edir. Belə amnistiyanın mümkün olmadığını isə gözəl bilir!
İkinci qrup: Qarabağa müxtəlif siyasi məqsədlər üçün son 30 ildə (1994-cü ildən sonra) köçürülmüş ermənilər. Bunlar hansı dövlətin vətəndaşlarıdır? Sovet dövründə Ermənistanın vətəndaşları olublar. Yaşadıqları qondarma rejim qanunsuz olub və onların pasportları qanunsuzdur. Əgər onlar erməni vətəndaşları isə köçürülmə və yerləşdirilmələri də qanunsuz olub, bu yerləşdirmə Azərbaycan dövlətinin iradəsi xaricində olub və Qarabağ onların dədə-baba torpaqları deyil. Onların da öz vətənləri Ermənistana geri dönmələri məntiqlidir!
Üçüncü qrup ermənilər: Bunlar SSRİ dövründən Qarabağda yaşayan ermənilərin müharibədən sonra dünyaya gətirdikləri ermənilərdir. Bu ermənilərin də bir çoxu Rusiyaya, ABŞ və Avropaya köçmüşlər, bir hissəsi separatist rəhbərlərinin apardığı siyasətlərin qurbanları olmuşlar, yəni müharibədə ölmüşlər. Bu kateqoriyadan olub Qarabağda qalan ermənilərin sayı isə maksimum 2-3 min nəfərdir. Məhz hazırda Azərbaycan dövləti də əslində Qarabağda yaşayacaq bu 2-3 min erməninin reinteqrasiyası məsələləri ilə ciddi şəkildə, onların hüquqlarını hərtərəfli qorumaqla məşğul olur. Lakin, görünən odur ki, bu ermənilər də öz dədə-babalarının etdikləri cinayətlərin vicdan əzabını çəkərək qalmaq əvəzinə Avropa və ABŞ-a köçmək barədə düşünürlər və yaxın gələcəkdə köçəcəklər!
2-ci sual: 1988-ci ildə bir neçə ayın içərisində Ermənistandan 250 min azərbaycanlı qovulmuşdur. Qovularkən gözləri qorxudulmaları üçün zorlanmalara, vəhşiliklərə, zülmlərə, işgəncələrə məruz qalmış bu azərbaycanlıların Ermənistana geri qayıtması və reinteqrasiyası ilə bağlı Fransa daxil olmaqla hansı ermənipərəst dövlət öz səsini ucaltmışdır?
Cavab: Çox qısadır. Heç biri.
3-cü sual. Bir neçə min erməninin hüquqlarının pozulmasını ortaya atan Fransa Ermənistandan qovulan 250 minə yaxın azərbaycanlı və Qarabağ və ətraf 6 rayondan didərgin salınan 1 milyon məcburi köçkünün hüquqlarının bərpası üçün hansı addım atmışdır?
Bu sualın da cavabı çox qısadır. Heç bir addım.
4-cü sual. Beynəlxalq hüquqdan danışmağa ən son haqqı çatan dövlətlərdən biri də hansıdır?
Cavab: Fransa. Çünki, Minsk qrupunun həmsədrlərindən biri kimi vasitəçi, neytral rol oynamalı olan Fransa əslində ermənipərəst mövqe tutmaqla düz 30 ilə yaxın müddətdə bütün dünya ictimaiyyətini aldatmış, əslində vasitəçilik missiyasının tələblərini pozmaqla beynəlxalq hüququ da tapdalamışdır.
Əslində Fransanın cavab verə bilməyəcəyi suallar çoxdur. Amma, Fransanın xislətini və hazırki addımlarının mahiyyətini ortaya qoymaq üçün bu 4 sual və onların cavabları da kifayətdir. Bəs Fransanın Qafqaza soxulmaqdan əlavə əsas məqsədlərindən biri nədir?
Yuxarıda qeyd olunanları təhlil etdikdə görürük ki, əslində Fransanın və erməni lobbisinin əsas məqsədi reinteqrasiya deyil, reinteqrasiya adı altında Qafqaza soxulmaq, sayları bir neçə on min nəfərə çatacaq erməninin Qarabağa miqrasiyasını təşkil etməkdir. Orta və uzunmüddətli əsas məqsəd isə bununla da həmin ermənilərin itinin, pişiyinin xəstələnməsini, hansısa “hüququ”nun pozulmasını (məsələn, təcili yardım maşının gecikməsi nəticəsində hansısa erməninin elə ambulansda uşaq dünyaya gətirməsini erməni xalqının genofonduna vurulan zərbə kimi absurd, həyasız və məntiqsiz bəhanələr yaratmaq, onları şişirdərək Azərbaycanda azsaylı xalq kimi yaşayan ermənilərin faciəsi kimi qələmə vermək) bəhanə edərək Azərbaycanı davamlı olaraq təzyiq altında saxlamaq, milli azlıqların hüquqlarının pozulması adı altında sanksiyalara məruz qoymağa cəhd etməkdir.
Əvvəla, Fransa daxil olmaqla ermənipərəst dövlətlər nəzərə almalıdırlar ki, Azərbaycanın əmək bazarı üçün əlavə işçi qüvvəsinə ehtiyac olmadığı üçün immiqrasiya proqramı həyata keçirməsinə ehtiyac yoxdur. ABŞ və Avropada olan demoqrafik problem bizdə yoxdur.
İkincisi, Azərbaycan onun torpaqlarında qanuni məskunlaşmış, müharibə cinayətlərində əli olmayan, Azərbaycanın Konstitusiya və qanunlarına hörmət etmiş, edən və edəcək erməni vətəndaşlarının reinteqrasiyasını həyata keçirərkən əli Afrikada milyonlarla müsəlman və digər dinlərdən olan dinc sakinlərin qanına batan Fransanın nəzarət və məsləhətinə ehtiyacı yoxdur. Çünki, sadəcə genosid, qırmaq, təkcə Əlcəzairdə 5 milyona yaxın mina basdırmaq kimi Fransa təcrübələri təhlükəli fəsadlar verər. Biz bu təcrübələrdən faydalanan, xüsusilə Qarabağda 1 milyona yaxın mina basdıran Ermənistanın timsalında bunu çox aydın bir şəkildə görürük!!!
Müəllif:
Elman Sadıqov, iqtisadçı-ekspert.
Elman Sadıqov, iqtisadçı-ekspert.