Ağ Ev ABŞ Prezidenti Cozef Baydenlə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı barədə yayılan xəbərlərə cavab verib.
Xəbərlərə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer reaksiya verib.
Ağ Ev rəsmisi bildirib ki, hazırda ABŞ Prezidenti Cozef Bayden və Rusiya Prezidenti Vladimir Putin arasında Birləşmiş Ştatların Rusiyaya təklif etdiyi məhbus mübadiləsi ilə bağlı telefon danışığı planlaşdırılmır.
ABŞ və Rusiyanın xarici işlər nazirlərinin Rusiya-Ukrayna müharibəsi başlayandan bu günə kimi ilk dəfə telefon danışığı apardıqlarına diqqət çəkən Jan-Pyer ABŞ dövlət katibi Entoni Blinkenin rusiyalı həmkarı Sergey Lavrovu ABŞ-ın məhbus mübadiləsi təklifini qəbul etməyə çağırdığını vurğulayıb.
O qeyd edib ki, bu görüş iki ölkə arasındakı münasibətlərin əvvəlki vəziyyətinə qayıtması anlamına gəlmir. “Prezident Baydenin hazırda Putinə zəng etmək fikri yoxdur. İndi bu məsələ masada deyil”, – deyib.
ABŞ-ın Rusiyada həbsdə olan Britni Qriner və Paul Velanı ölkələrinə qaytarmaq üçün prioritet olduğunu ifadə edən Jan-Pyer “Biz bu insanların haqsız yerə həbs edildiyini düşünürük”, – deyib.