Demək olar ki, Bosfor və ya Çanaqqala boğazından keçmək üçün gözləyən bütün tankerlər qeyri-rus nefti daşıyır.
Bunu Ağ Evin mətbuat katibi Karin Jan-Pier mətbuat brifinqində deyib.
Onun sözlərinə görə, bu yüklərə Rusiya Federasiyasından neftin bu yaxınlarda tətbiq edilmiş “qiymət tavanı” təsir göstərmir. ABŞ administrasiyası Ankara ilə tankerlərin Bosfor və Çanaqqala boğazlarından keçməsi məsələsinin necə həll ediləcəyi ilə bağlı danışıqlar aparır. “Biz Türkiyə ilə əlaqə saxlayırıq və bizə elə gəlir ki, bu məsələnin həll olunacağı məqama yaxınlaşırıq”, – Jan-Pier əlavə edib.
Xatırladaq ki, bir qədər əvvəl bildirilmişdi ki, Qərb rəsmiləri Bosfor və Çanaqqala boğazları yaxınlığında Qazaxıstandan neft daşıyan 20-yə yaxın tankerin “ilişib qalmasına” görə Türkiyə hakimiyyətinin məsuliyyət daşıdığını bildiriblər. İki məmur Türkiyəni neft tədarükünü gecikdirməkdə ittiham edərək, ölkənin gəminin sığorta statusuna şübhə etmək üçün heç bir əsasının olmadığını qeyd edib. “Bu kəsintilər Türkiyənin yeni qaydasının nəticəsidir, neftin qiyməti tavanının yox”.