Nazirlər Kabineti Ağcabədi şəhərinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə hazırlanmış Baş planını təsdiq edib.
Bu barədə Komitənin açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, Baş planı ölkə prezidentinin 27 fevral 2014-cü il tarixli fərmanı ilə təsdiq edilmiş “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə əlaqədar Komitənin cəlb etdiyi “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu hazırlayıb.
Ağcabədi şəhərinin sonuncu Baş planı 1987-ci ildə tərtib olunub və hesabat dövrü 20 illik müddəti əhatə edib. Təsdiq olunmuş yeni Baş plan istinad ili 2015-ci il olmaqla 2035-ci ilə qədər olan dövrü əhatə edir.
Sənəddə şəhərin planlı qaydada inkişafı nəzərdə tutulur və hesabat müddətinin sonuna şəhər əhalisinin 27,4% artaraq 55 min nəfərə çatması proqnozlaşdırılır. Həmçinin Baş planda şəhər əhalisinin yaşayış (mənzil) fondu ilə təminatı istinad ilində adambaşına 20,3 m2-dan hesabat müddətinin sonuna 25 m2-ə çatdırılması nəzərdə tutulur. Sənəddə həmçinin şəhərin infrastrukturunu təşkil edən nəqliyyat və mühəndis-kommunikasiya təminatı sistemlərinin genişləndirilməsi nəzərə alınıb. Belə ki, Baş Plan layihəsində küçə-yol şəbəkəsinin ümumi uzunluğunun yerli əhəmiyyətli yollarla birlikdə 86 km-dən 128 km-ə çatdırılması planlaşdırılır. Bununla yanaşı, şəhər ərazisində ümumi istifadə də olan yaşıllıq sahələrinin və açıq məkanların artırılması da Ağcabədi şəhərinin Baş Planının əsas prioritetlərindən biri kimi müəyyən edilib. Bu məqsədlə, Baş Plan çərçivəsində adambaşına düşən yaşıllıq sahəsinin 2015-ci il ilə müqayisədə (5,8 m2) artırılaraq 7,4 m2 çatdırılması, ümumi yaşıllıq ərazilərinin (park, meşə-park, bulvar, xiyaban, bağ və bağçalar) isə 23,9 ha-dan hesabat müddətinin sonuna 40,9 ha-dək artırılması istiqamətində müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur.
Baş planda nəzərdə tutulan dövr üzrə şəhər əhalisinin yaşayış fondu, sosial və mədəni-məişət xidməti obyektləri üçün ərazilər nəzərə alınmış, şəhərin inkişafına uyğun olaraq təbii landşaftın qorunması, ətraf mühitin mühafizəsi və ərazi zonalarının nəzərə alınması ilə məskunlaşmanın aparılması prinsipi qorunub.