9 C
Baku
Monday, November 18, 2024

“Ağdamda şəhərdaxili yolların və kommunikasiya xətlərinin çəkilişinə başlanılacaq”

İşğaldan azad olunmuş digər ərazilərlə müqayisədə Ağdam şəhərinin baş planı ən birinci təsdiqlənmiş baş plan oldu.

Bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

E.Hüseynovun sözlərinə görə, 2021-ci il mayın 28-də Prezident İlham Əliyevin Ağdama səfəri zamanı rayon ictimaiyyəti ilə görüşdə baş plan təqdim olundu və şəhərin təməli qoyuldu.

“Təbii ki Ağdam şəhəri həm tarixi əhəmiyyəti, həm coğrafi mövqeyinə görə olduqca strateji bir şəhərdir. Çünki Qarabağın bütün əsas rayon mərkəzlərinə demək olar ki, eyni məsafədə yerləşir. Tarixən çox güclü regional mərkəz olub. Ağdam rayonunun kənd təsərrüfatı, sənaye və emal sənayesi sahəsində çox güclü potensialı var. Bu gün bizim əsas məqsədimiz iki min hektarlıq ərazinin 500 hektarlıq mərkəzi hissəsində həyat üçün tələb olunan bütün zəruri infrastrukturun təmin olunmasıdır ki, bizim vətəndaşlarımızın – keçmiş məcburi köçkünlərin tez bir zamanda şəhərin mərkəzinə qayıdışı mümkün olsun“, – Prezidentin xüsusi nümayəndəsi bildirib.

E.Hüseynov xatırladıb ki, bunu reallaşdırmaq üçün ilk növbədə minalardan təmizlənmə işlərinə başlanıb.

“Ağdam, eləcə də Tərtər, Füzuli və Cəbrayıl rayonları keçmiş təmas xətinə düşdüyü üçün həm piyada əleyhinə, həm də tank əleyhinə və partlamamış hərbi sursatlarla çirklənmiş ərazilərdir.

Beş kilometr enliyində və iki yüz kilometr uzunluğunda olan keçmiş təmas xəttində düşmən tərəfindən sistemsiz şəkildə külli miqdarda minalar basdırılıb. Burada əsas çətinlik minaların sayı ilə bağlı deyil, həm də bu ərazinin təmizlənməsi üçün şəraitin çox mürəkkəb olmasıdır. Bu ərazidə çoxlu mühəndis istehkamları qurulmuşdu. Burada birinci və ikinci Qarabağ müharibəsindən qalan çoxlu hərbi sursat qırıntıları mövcud idi. Bütün bunlara görə minatəmizləmə fəaliyyətində xüsusi texnikanın, itlərin köməyindən istifadə kifayət qədər məhduddur. Bu çətinliklərə baxmayaraq bizim minatəmizləyənlər böyük fədakarlıq göstərirlər. Minatəmizləyənlərimiz qarış-qarış, əllə iyirmi metr enliyində xüsusi dəhlizlər aça bildilər”,- E.Hüseynov bildirib.

O qeyd edib ki, məhz mina probleminə görə, Ağdama elektrik enerjisi təchizatı digər azad edilmiş ərazilərdən daha gec mümkün olub:

“Ağdam-1” elektrik yarımstansiyasının cənab Prezident İlham Əliyev tərəfindən açılışı oldu. Ağdam şəhərinə elektrik enerjisinin çəkilməsi hardasa bir il çəkdi. Minatəmizləmə işləri sürətlə davam edir. Dəhlizlər açıldıqdan sonra bu işlər daha da sürətləndi. Bilirsiniz ki, ən vacib layihələrdən biri Bərdə-Ağdam yoludur. Artıq yol Ağdam şəhərinin içinə daxil olub. Hal-hazırda yolda asfaltlama işləri həyata keçirilir. Bundan başqa Bərdə-Ağdam-Xankəndi dəmir yolunda işlər Ağdam şəhərinin içərilərinə doğru sürətlə irəliləyir. Magistral qaz xətlərinin nəqli layihələri yekunlaşıb. Tezliklə onların da çəkilişləri başlayacaq. Gördüyünüz kimi bizim qərargahımız Ağdam şəhərində yerləşir. Biz burada yaşayırıq, işləyirik. Qısa müddət ərzində yol-küçə şəbəkəsinin layhələndirilməsi yekunlaşacaq və şəhərdaxili yolların və kommunikasiya xətlərinin çəkilişinə başlanılacaq. Ona qədər isə bir sıra layihələrin icrasına başlanıb. Buna misal olaraq iş yerləri baxımından ən vacib layihələrdən biri İqtisadiyyat Nazirliyi tərəfindən Ağdam Sənaye Parkının mobilizasiya sahəsinin tikintisidir. Bu, artıq yekunlaşıb. Hazırda orada rezident statusu qazanmış şirkətlər öz zavod və fabriklərinin tikintisinə başlayıblar”, – E.Hüseynov fikrini tamamlayıb.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər