Yanvarın 30-da Ağdamın işğaldan azad olunmuş Mərzili kəndi yaxınlığında Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılışı olub.
Açılışda Azərbaycan müdafiə naziri Zakir Həsənov, Türkiyə müdafiə nazirinin müavini Yunus Əmrə Qaraosmanoğlu və Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin iştirak ediblər.
Zakir Həsənov, Yunus Əmrə Qaraosmanoğlu və Aleksandr Fomin əvvəlcə Mərkəzin önündəki rəmzi qırmızı lenti kəsiblər.
Sonra Azərbaycan, Türkiyə və Rusiyanın dövlət himnləri səsləndirilib.
Daha sonra qonaqlar Mərkəzdə yaradılmış şəraitlə tanış olublar.
Bildirilib ki, Mərkəzin əsas məqsədi 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında bağlanmış üçtərəfli bəyanatın bəndlərinin və əldə olunmuş razılaşmaların yerinə yetirilməsinə nəzarət etməkdir.
Qeyd edilib ki, Türkiyə-Rusiya Birgə Mərkəzinin ümumi sahəsi 4 hektara yaxındır. Ərazidə 65 ədəd modul tipli xidməti, inzibati və yaşayış otaqları var. Bütün otaqlar zəruri avadanlıqlar, su, elektrik və istiliklə təmin olunub.
Bundan əlavə hər iki tərəfin istifadəsi üçün ayrı və ümumi monitorinq mərkəzləri, brifinq zalı, 100 nəfərlik yeməkxana, tibb məntəqəsi, camaşırxana, bərbər, dərzi, mağaza da var.
Ərazidə su stansiyası, transformator, generator, avtomobil dayanacağı, açıq havada iki ədəd idman şəhərciyi, eləcə də iki ədəd qapalı idman zalı, ərzaq və soyuducu anbarlar yerləşir.
Bütün əraziyə, perimetr boyu hasar çəkilib, 4 ədəd müşahidə nəzarət qülləsi quraşdırılıb, sutkalıq mühafizə təşkil olunub.
Şəxsi heyətin istirahətinin təşkili üçün zəruri avadanlıqla tam təmin edilmiş istirahət otaqları da hazırlanıb.
Birgə Mərkəzin mühafizəsi Azərbaycan Ordusunun hərbi qulluqçuları tərəfindən həyata keçirilir.
Monitorinq Mərkəzində həm Türkiyə və Rusiya tərəfdən 60 hərbi qulluqçu xidmət göstərəcək.
Monitorinq mərkəzinin Türkiyəli şəxsi heyətinə general-mayor Abdullah Katırcı, Rusiyalı şəxsi heyətinə isə general-mayor Viktor Fedorenko rəhbərlik edir.
Açılış tədbiri Azərbaycan, Türkiyə və Rusiya rəsmilərinin ağacəkmə mərasimi ilə yekunlaşıb.