“Azərbaycana uçuşların qiymətləri gəlmə turizmə maneələrdən biri kimi qəbul edilir”.
Bunu Dövlət Turizm Agentliyinin Turizm siyasəti və Strategiya şöbəsinin müdiri Məhəmməd Nuriyev Bakıda keçirilən “Azərbaycan Turizm Sammiti”ndə bildirib.
O, bu barədə Avropanın müxtəlif şəhərlərindən qonşu Türkiyə və Gürcüstana aviabiletlərin Azərbaycanla müqayisədə 3-4 dəfə ucuz olmasına münasibət bildirərkən danışıb.
“Belə məsələlər dövlət siyasəti baxımından bir mövzu ətrafında müzakirə olunur. Sosial-İqtisadi İnkişaf Strategiyasındakı yanaşma belədir ki, dövlət şirkətlərinin fəaliyyəti optimallaşdırılmalıdır. Bir dövlət şirkətinə deyil, bir çox dövlət şirkətinə münasibətdə vahid yanaşma tətbiq edilməlidir. Biz dövlət qurumları arasında əlaqələndirici qurum kimi fəaliyyət göstəririk və indiyə qədər bu məsələni hökumətin gündəliyinə qoymuşuq. Ümidvarıq ki, gələcək illərdə bu istiqamətdə turizm sektoru üçün əhəmiyyətli dəyişikliklər baş tutacaq”, – deyə turizm rəsmisi qeyd edib.