Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) vətəndaşları uyğunluq sertifikatı olan telekommunikasiya vasitələri və qurğularından istifadə etməyə çağırır. İKTA bəyan edir ki, uyğunluq sertifikatı olmayan avadanlıqlardan istifadə edilməsi ölkənin iqtisadi maraqlarına zidd olmaqla yanaşı, sağlam rəqabət mühitinin formalaşmasına, bazara keyfiyyətli telekommunikasiya vasitələrinin və qurğularının daxil olmasına mane olur.
İKTA xüsusilə bazara gətirilən sertifikatı olmayan “Wi-Fi” qurğularının zəif və dayanıqsız yayım siqnalları ötürdüyünü bildirir: “Bu da keyfiyyətsiz internet xidmətinə gətirib çıxarır.
Tənzimləyici qurum son zamanlar vətəndaşlardan ölkə daxilində uyğunluq sertifikatı olmayan avadanlıqların satışı və bu istiqamətdə şikayətlərin artmasından da narahatdır”.
“İKTA vətəndaşları istifadə etdikləri avadanlıqların sertifikatlaşdırmadan keçməsi ilə bağlı məsələlərdə daha diqqətli olmağa və sertifikatı olmayan telekommunikasiya vasitələri və qurğuları ilə bağlı aidiyyəti üzrə tənzimləyici quruma (tel.: +99412 498-11-22; e-poçt: [email protected]) məlumat verməyə çağırır.
Qeyd edək ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ölkədə informasiya-kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir”, – deyə bildirilib.