22 C
Baku
Friday, September 27, 2024

Ağıl və Savad

“Bir insanın ağlı, onu qarşısındakının anlayacağı qədərdir”

Mövlana Cəlaləddin Rumi

Müəllif: Ruslan Mehdiyev

Mövlana Cəlaləddin Ruminin sözlərindən də başa düşdüyümüz kimi savadın nə dərəcədə olmağından asılı olmayaraq bir insan səni dərk etmirsə demək ki, ağıllı deyilsən. Yəni oxuduğun kitabların, məlumat əldə etdiyin jurnalların, saytların sadəcə sənin savad və dünya görüşünün inkişafına xeyri olub. Bəs nədir bu qarşındakının səni anlamağı? Nədir ağıl?

Məsələn mən hər hansı bir həkimə gedib və məni müayinə etməsini istədikdə, əgər həkim mənə o xəstəliyimi terminlərlə ifadə edərsə və onun müalicəsini yenə tibbi terminlərdən istifadə edib mənə açıqlayarsa, mən ondan bunun nə olduğunu soruşduqda isə mənə dünyadan xəbərim yoxmuş kimi baxıb, əsəbi halda qısa şəkildə açıqlamağa çalışarsa, mən bu həkimi savadlı və o qədər də ağılsız hesab edərəm. Çünki mən ixtisasca İqtisadiyyatçı və tibb ilə əlaqəsi olmayan bir adamam. Onun dediklərini başa düşmək məcburiyyətində deyiləm. Ancaq o mənə bu xəstəliyi ilk olaraq terminlə və daha sonra bunu mənə “məişət diliylə“ anlatsa mən onu savadlı və həm də ağıllı düşünərəm və O həkimlə xəstəliyimin həlli yolunu məsləhətləşərəm. Çünki o məni ağıllı olduğu üçün yalnız oxuduğu yolla müalicə etməyəcək. Ən müasir yol nədirsə o yolla və yaxud da özünün mənə subyektiv şəkildə düşündüyü yolla müalicə edəcək. Çünki o savadlı və həm də ağıllıdır.

Çəkdiyim misalda göstərməyə çalışdığım yalnız həkimlərə deyil, bütün sahələrə aiddir. Amma təəssüflər olsun ki, bizim ölkənin bir çox “baş bilən”ləri nəşr etdirdikləri kitabları öncə “cızma-qara” edib və daha sonra bacardıqları qədər qəliz şəklə salıblar. Çünki onların düşüncəsinə görə savadlılıq özünü bu cür büruzə verir. Daha sonrasında isə həmin “baş bilənlər” televiziya proqramlarına çıxıb kütləvi şəkildə Azərbaycan gənclərinin kitab oxumamağı və maariflənmədiyi haqda saatlarla danışırlar. Mən universitet bitirdiyim halda isə onların kitablarını tam olaraq dərk etməm üçün hər cümləni dəfələrlə oxumaq məcburiyyətində qalıram. Bu da mənə enerji və vaxt itkisi deməkdir. Mən alternativ yol olaraq isə digər bildiyim xarici dillərdən o mövzunu oxuyub və daha gözəl şəkildə qavramağa üstünlük verirəm. Nəzərə alsaq ki, xarici dil bilməyən minlərlə, bəlkə də milyonlarla insan var, onda niyə gənclərin maariflənmədiyini anlayarıq.

O kitab yazanların əlbəttə ki, savadına şübhəm yoxdur. Amma Mövlana Cəlaləddin Ruminin dediyi kimi qarşısındakına anlada biləcəyi qədərdir, o savadlının ağlı. Nəticədə isə savadlı olub da ağılsız olan bir insanın kitabını oxumağın heç bir xeyri yoxdur. Çünki yuxarıda qeyd etdiyim kimi ağıllı olmayan bir şəxs alternativ yol gətirə bilmir məsələlərə. O universitet də nə öyrənibsə onu mənə öyrədir və buna görə də onun kitabını rahat dərk etsəm belə yeniliklərdən xəbərsiz bir oxuyucu olaram.

Mövzuda yazdıqlarıma əlac axtarmıram. Çünki hər şey məncə tam aydındır.

Son xəbərlər
Digər xəbərlər