XXI əsrdə biznesin ən vacib tələblərindən biri çeviklikdir. Bazar şərtləri sürətlə dəyişir və belə olan təqdirdə biznesin də bu şərtlərə çevik bir şəkildə uyğunlaşması lazımdır. Sürətli dəyişən bazar şərtlərində biznesi ötən əsr üçün aktual olan idarəetmə modellərini tətbiq etməklə idarə etmək nəinki rəqabətdə geri qalmaq hətta bazar mövqelərini itirməyə belə gətirib çıxara bilir.
Bunu çox yaxşı anlayan Erickson Azerbaijan komandası yeni əsrin bazar şərtlərinə uyğun olan Agile yanaşmasını Agile Azərbaycan Cəmiyyətinin təsisçisi Nərminə Hüseynzadənin rəhbərliyi ilə qurmaq qərarına gəlmişdir. Bunun üçün atılmış ilk addım şirkət əməkdaşlarının bu yanaşma ilə tanışlığından başlamışdır. Belə ki, ilk tanışlıqdan anlaşılan o oldu ki, bu sadəcə hər hansı yeni idarəetmə modelinin tətbiqindən daha da önəmli düşüncə tərzinin daha çevik yanaşma modelinə dəyişməsidir.
Beləliklə, komandanı maraqlandıran ilk sual Agile nədir?
Agile Azərbaycan dilində Çevik olaraq tərcümə olunur. Bu ilk öncə çevik düşüncə və davranış modelidir. Yəni Agile olmaq üçün baş verən dəyişikliklərə çevik reaksiya göstərib, asanlıqla öz davranışlarını formalaşdırmaq və buna nail olmaq üçün müvafiq şirkət strukturunu qurmaq lazımdır.
Agile manifesti dörd əsas dəyər üzərində qurulmuşdur:
- Fərdlər və ünsiyyət proses və alətlərdən üstündür.
- İşləyən proqram mürəkkəb sənədləşmədən üstündür.
- Müştəri ilə əməkdaşlıq müqavilə razılaşmalarından üstündür.
- Dəyişikliyə çevik reaksiya vermək plana əməl etməkdən üstündür.
Bu dəyərləri nəzərdən keçirdikdə komanda olaraq iki əsas məqama diqqət etdik. Bunlar birincisi Agile yanaşmasında insan və insani münasibətlərə verilən dəyər, ikincisi isə əsasən böyük şirkətlərdə daha çox müşahidə olunan dəyişikliklərə çevik reaksiyadan daha çox sənədləşmə, qərarlar, aktlar və onların tələblərinə daha çox diqqət oldu. Ancaq, bir məsələ də aydın idi ki, bu dəyərlər sadəcə bir ifadə deyil, bu bir düşüncə tərzidir ki, bunu sadəcə bilmək yetərli deyil, onlarla yaşamaq və bir davranış modeli olaraq tətbiq etmək lazımdır.
Bundan əlavə Agile manifestinin üzərində qurulduğu aşağıdakı 12 prinsipi ilə tanış olduq:
- Dəyərli proqramı erkən və davamlı təqdimat yolu ilə müştərini razı salmaq bizim üçün əsas prioritetdir.
- İşin hətta son anlarında tələblərin dəyişməsindən qorxmayın. Çevik proseslər müştərinin razılığı üçün dəyişikliklərdən istifadə edir.
- İşləyən proqramı tez-tez, bir neçə həftədən bir neçə aya kimi təqdim edin. Dar zaman müddətlərindən qaçın.
- İş adamları və proqramçılar layihə müddətində gündəlik olaraq birgə işləməlidirlər.
- Layihələri həvəsli fərdlər ətrafında qurun. Onlar üçün lazımi şərait yaradıb dəstək verin. İşi görəcəklərinə etibar edin.
- Proqramlaşdırma komandasına məlumatın ötürülməsi və götürülməsinin ən effektiv, təsirli üsulu üzbəüz ünsiyyətdir.
- İnkişafın əsas göstəricisi işləyən proqramdır.
- Çevik proseslər davamlı inkişafı dəstəkləyir. Sponsorlar, proqramçılar və istifadəçilər sabit tempi saxlamağı bacarmalıdırlar.
- Texniki mükəmməlliyə və düzgün dizayna davamlı diqqət çevikliyi artırır.
- Sadəlik – artıq işin ixtisar edilməsi sənəti – vacibdir.
- Öz-özünü idarə edən komandalar ən yaxşı arxitektura, tələblər və dizaynı ortaya qoya bilir.
- Bərabər zaman
intervallarında komanda öz effektivliyini özü seçməklə
daha məhsuldar olur, işini ona uyğun kökləyir.
Bütün bu prinsipləri nəzərdən keçirdikdə və dərindən incələdikdə komanda olaraq anladıq ki, bütün komandanın diqqətini müştərilərimizin ehtiyacları və məqsədlərinə kökləməmiz lazımdır. Əslində bir kouçinq şirkəti olaraq bunu etmək daha asan olacaqdır belə ki, komandanın əksər hissəsi artıq kouçinq sayəsində müştəri fokuslu düşüncə modelini formalaşdırmışdır. Digər üzərində çalışacağımız məqam təşkilati struktur və iş proseslərinin yenidən dizayn olunaraq onları maksimum sadələşdirmək olacaqdır. Xidmətlər və məhsullarla bağlı müştəri geri dönüş sistemini daha optimal qurub, müştərilərin fikirlərini şirkətin inkişafında daha yaxından istifadə etmək bizim üçün vacib prioritetlərdən biri olacaqdır. Əməkdaşların səlahiyyətlərini artırıb onların məsuliyyətlərini dərk etməsi üçün şərait yaradaraq sadəcə iş prosesində maksimum dəstəyi göstərmək bizə daha geniş imkanlar yaradacaqdır.
Ən vacibi isə anladığımız odur ki, Agile transformasiya başlanğıcı və sonu olan bir proses deyil, bu bir düşüncə və yaşam tərzidir.
Növbəti paylaşımlarda Nərminə xanımın rəhbərliyi altında həyata keçirilən Erickson Azerbaijan komandasının Agile transformasiyası üçün atılacaq addımlar və onların Biznes üçün faydaları barəsində paylaşımlar edəcəyik. Bizi izləyin!
Erickson Azerbaijan komandası