Gecikmiş nəticələr, uğursuz layihələr
Agile olmayanda layihələr aylarla, illərlə uzanırdı. Sonda istifadəçi razı qalmırdı. “Bu mənim istədiyim kimi deyil” cümləsi tez-tez eşidilirdi. Amma komandalar deyirdi: “Biz plan üzrə hər şeyi etdik.” Burada “doğru iş görmək”lə “doğru işi görmək” arasındakı fərq aydın ortaya çıxırdı.
Nəzarət və sənədlər var idi, amma dəyər yox idi
Bizneslər daha çox plan və nəzarət tətbiq edərək problemi həll edəcəyini düşünürdü. Layihə sənədləri yüzlərlə səhifədən ibarət olurdu. Komandalar sənəd yazmağa çox vaxt ayırır, lakin real dəyər yaratmaq ikinci planda qalırdı.
Müştəri ilə münasibətlər formal idi
Əvvəllər müştəri ilə dialoqdan çox, müqavilə və plan əsas idi. Əgər müştəri dəyişiklik istəyirdisə, əlavə ödəniş və danışıqlar tələb olunurdu. Bu isə dəyərli məhsulun yaranmasına əngəl olurdu. Sürət, çeviklik və istifadəçi məmnuniyyəti demək olar ki, yox idi.
Səhv etməkdən qorxulan bir mühit
İnnovasiya risk kimi qəbul edilirdi. Səhv etməkdən qorxan komandalar yeni yanaşmalar yox, sübut olunmuş – amma köhnəlmiş – yollarla işləyirdi. Liderlər prosesə fokuslanır, nəticələrə deyil. Bu da inkişafı əngəlləyirdi.
Müştəri mərkəzli düşüncə yox idi
Məhsullar bazara çıxarılırdı, amma istifadə olunmurdu. Texnologiya və proqram təminatı sahəsində bu problemlər daha da dərin olurdu. Bəzi şirkətlər bu səbəbdən bazardan silinirdi. Çünki müştəri ehtiyacı nəzərə alınmırdı.
Yeni düşüncə tərzi: öyrən, uyğunlaş, inkişaf et
Əvvəllər dəqiq plan uğurun açarı sayılırdı. İndi isə “tez öyrən, uyğunlaş, yenidən sınayıb inkişaf et” prinsipi liderlik edir. Çünki bazar və müştəri sürətlə dəyişir. Onlara ayaq uydura bilməyənlər geri qalır.
Müasir texnologiya Agile sayəsində doğuldu
Əgər Agile olmasaydı, bu gün istifadə etdiyimiz bir çox texnologiya – məsələn, Facebook, Spotify, Amazon – bəlkə də gecikəcəkdi, ya da heç yaranmayacaqdı. Bu brendlər çevik inkişaf sayəsində sürətli bazarda dayanıqlı qala bilirlər.
Toğrul Xəlilov, MPay şirkəti, Məhsul sahibi