Ağıllı üzüklər istehsal edən “Oura Health Oy” şirkəti ” E” seriyalı yeni maliyyələşdirmə raundu çərçivəsində 900 milyon dollar investisiya cəlb edib. Bu barədə şirkət məlumatlarına istinadən “TechCrunch” yazıb. Bildirilir ki, bu göstərici 2024-cü ilin dekabrında keçirilən “D” seriyalı raunddan iki dəfədən çoxdur.
Son maliyyə raundunda “Fidelity Management & Research Company”, ICONIQ, “Whale Rock” və “Atreides” kimi iri investorlar iştirak ediblər.
Şirkət “TechCrunch”a bildirib ki, yeni maliyyələşdirmə süni intellekt və istehsal innovasiyalarının inkişafına, yeni sağlamlıq funksiyalarının tətbiqinə və qlobal distribusiya şəbəkəsinin təkmilləşdirilməsinə yönəldiləcək.
“Oura”nın baş direktoru Tom Heyl qeyd edib ki, şirkət “raket sürəti ilə” böyüyür, eyni zamanda “insanlara öz bədənlərini daha yaxşı anlamağa, həyat tərzi ilə bağlı daha əsaslandırılmış qərarlar verməyə və həkimləri ilə daha effektiv əlaqə saxlamağa kömək edir”.
Fəaliyyətə başladığı vaxtdan bəri “Oura” 5,5 milyondan çox ağıllı üzük satıb. Şirkətin gəliri 2024-cü ildə iki dəfədən çox artaraq 500 milyon dollara çatıb. Bu il isə satışların 1 milyard dolları keçəcəyi gözlənilir.
IDC məlumatına görə, “Oura” ağıllı üzük bazarının 80%-dən çoxuna nəzarət edir. Keçən ilin oktyabrında “Oura” ən son cihazını — “Oura Ring 4” üzük modelini təqdim edib.