Niyə həmişə qələbə haqqında düşünmək mümkün deyil? Qocalandan sonra özümüzlə fəxr etmək üçün bu gün nə etməliyik? Niyə xəyallarınızı heç vaxt unutmamalısınız? Təkcə sahibkarların və idarəçilərin verdiyi suallara deyil, həmçinin digər bir çox suallara menecment və liderlik mütəxəssisi Marshall Goldsmith cavab verib.
Dünyanın bir çox lideri ilə həmsöhbət olmuşam və onların hər birinə eyni sualı vermişəm: “Sizcə, uğurlu insanların əsas problemi nədir?” Böyük şirkət rəhbərlərinin mənə verdiyi cavab belə idi: “Onlar tez-tez qalib gəlirlər”. Bu nə deməkdir? Bəli, biz hər birimiz qalib gəlmək istəyirik. Lakin bu həmişə önəmlidirmi? Təsəvvür edin ki, həyat yoldaşınızla birlikdə restorana getmək istəyirsiniz. Siz bir restoran təklif edirsiniz, həyat yoldaşınız isə başqasını və nəticədə istəmədən qarşı tərəfə güzəştə getmiş olursunuz. Sonra məlum olur ki, bu restoranda xörəklər dadsızdır, xidmət isə çox aşağı səviyyədədir. Belə bir vəziyyətdə nə edəcəksiniz? Tənqid edəcəksiniz, haqlı olduğunuzu sübut etməyə çalışacaqsınız. Axı heç nəyi dəyişdirmək mümkün deyil! Niyə sevdiyiniz insana sadəcə “çox sağ ol” deməyi bacarmırıq və həm özümüzün, həm də qarşımızdakı insanın kefini pozuruq?
Biz ümumiyyətlə çox nadir hallarda kiməsə təşəkkürümüzü bildiririk. Təsəvvür edin ki, ağır iş günündən sonra maşınla yol gedirsiniz. Yolda tıxac var, siz isə evə tələsirsiniz. Və qəflətən işıqforda qırmızı işıq yanır, yanınızda oturan həyat yoldaşınız sizə deyir: “Gözlə! Qırmızıdır!”. Sizin həyatınızı xilas etmək istəyən insana “Çox sağ ol” demək əvəzinə nə edirsiniz? “Səncə, mən koram? Mən görmürəm?” və s. bu kimi ifadələrlə deyinməyə başlayırsınız.
Biz həmişə hər şeydə qalib olmağa çalışırıq, lakin çox vaxt bu istək əsassızdır. Daha bir nümunə: Günlərin birində mənə məktub gəldi. Bir kişi yazırdı ki, 2-3 il bundan əvvəl mənim seminarımda iştirak edib və insanlara “çox sağ ol” demək məsləhətimdən çox faydalanıb. Biz hər birimiz axşam evə gəldikdən sonra həyat yoldaşımıza şikayətlənirik. Bunun əvəzinə qarşımızdakı insana “çox sağ ol” deməliyik, axı o bizim üçün bu qədər iş görüb! Deməli, bu kişi ağır iş günündən sonra şikayətlənmək əvəzinə həyat yoldaşına bir dəstə gül alaraq hər şeyə görə təşəkkür edib. O deyir ki, bu gülə xərclədiyi $25 həyatında etdiyi ən uğurlu sərmayə oldu.
Əgər müştəri nəticə əldə edə bilmirsə, ondan pul almıram. Bəzən elə olur ki, insana çox vaxt və güc sərf edirəm, lakin yenə də kömək edə bilmirəm. Bu halda ondan pul almıram. Bəzən də insanla yalnız bir neçə dəfə görüşüb söhbət edirəm və bu, möhtəşəm nəticə və məvacib verir. Maraqlıdır ki, insanlara nə qədər az vaxt sərf etsəm, onların liderlik sahəsinə əldə etdikləri uğur bir o qədər çox olur. “Ford” şirkətinin keçmiş icraçı direktoru Alan Mulally-dən bir dəfə soruşdum: “Bu neçə olur axı? Səninlə çox az müddət işləmişəm, amma nəticələrin valehedicidir. Məncə, əgər ümumiyyətlə mənə rast gəlməsəydin, dünyanın ən uğurlu insanı olardın”. Və o mənə dedi: “Səbəb sənin keyfiyyətlərin deyil, onların keyfiyyətləridir”. İnsanlar inkişaf etmək üçün bunu ürəkdən istəməlidirlər. Sizin inkişafınız ilk növbədə sizdən asılıdır.
Əgər özünüzü təkminləşdirmək istəyirsinizsə, ətrafınızdakı insanlardan buna nail olmaq üçün nələr etməli olduğunuzu soruşun. Və bundan sonra səsinizi kəsib diqqətlə dinləyin. Özünüzə bəraət qazandırmağa çalışmayın, qarşınızdakı insanın sözünü kəsməyin, onun dediklərinə qulaq asıb “çox sağ ol deyin. Və birdə: siz hər şeydə birinci ola bilməsəniz də, bir şeydə birinci ola bilərsiniz.
Bəlkə də, kouçinq haqqında ən geniş yayılmış fikir budur: çoxları elə düşünür ki, kouç insanın inkişaf etmək istədiyi sahədə mütləq birinci olmalıdır. Bu belə deyil. Kiməsə kömək etmək üçün həmin insandan üstün olmaq lazım deyil. Siz də mənim kimi bir insansınız.
Həyat yoldaşınıza sual verin: “İnkişaf etmək üçün nə etməliyəm? Münasibətimizi yaxşılaşdırmaq üçün nə edə bilərəm?”. Sadəcə mesaj yazın. Elə indi. Əmin olun ki, sevdiyiniz insanın verdiyi reaksiya sizi çox təəccübləndirəcək: “Sən artıq başqasını sevirsən? Nömrəni səhv salmısan!”. Müştərilərimdən biri mənə bir dəfə dedi: “Artıq bir neçə dəqiqədən sonra həyat yoldaşım mənim üçün gələcək fəaliyyət planını yazıb göndərmişdir”. Öz üzərinizdə işləməyə hazır olun.
Unutmayın ki, keçmişi dəyişdirmək mümkün deyil, əlinizdə olan yalnız gələcəkdir. Əslində, səhvlər bizə insan haqqında çox şey deyir. Səhvlərin üzərində çalışın və nə vaxtsa təkrar etməyin.
Hər il sağlam qida və sağlam həyat tərzinə haqqında kitabların sayı artır. Eyni zamanda artıq çəki problemi ən aktual mövzulardan biridir. Problem nədədir? Məntiq ilə hər şey əksinə olmalıdır. Məsələ ondadır ki, kitablar bizə arıqlamağa kömək etməyəcək. Siz artıq çəki atmaq üçün pəhriz tutmalısınız, idmanla məşğul olmalısınız. Və hər şeydə belədir. Hər hansısa sahədə uğur qazanmaq üçün işə başlamaq lazımdır.
Ailənizlə daha çox vaxt keçirin. Uşaqlar balaca olduqda bizə ehtiyac duyurlar, böyüyəndən sonra isə artıq biz onlara ehtiyac duyuruq. Qızımın 9 yaşı olanda ona sual verdim: “Sənin üçün yaxşı ata olmaq üçün nə edə bilərəm?”. O mənə dedi ki, mən tez-tez evdən ayrılıram və ona kifayət qədər vaxt ayıra bilmirəm. Evdə olanda isə çox vaxt ya futbola baxıram, ya da telefonla danışıram. Orta statistik məlumatlara görə, insanlar uşaqlarına gündə cəmi 7-13 dəqiqə vaxt ayırırlar. Və bu çox azdır! Qızımla danışandan sonra qarşıma məqsəd qoydum: hər gün ailəmə dörd saat vaxt ayırmaq. İl ərzində bunu 150 dəfə edə bildim. Nəticədə, uşaqlar mənim onlardan əl çəkməyimi istədilər.
Valideynlərinizi unutmayın. Siz də nə vaxtsa yaşlı olacaqsınız. Dinləyicilərimdən biri öz anasından soruşdu: “Sənin üçün daha yaxşı övlad olmaq üçün nə edə bilərəm?”. Onun anası şəhərkənarında yaşayırdı və özünü tənha hiss etməmək üçün qızından açıqca görməyini istədi. Siz də belə bir şey etməyə cəhd edin. Dəyərli olan söylədiyimiz sözlər deyil, etdiyimiz hərəkətlərdir.
Kouçinq sahəsində verə biləcəyim ən yaxşı məsləhət. Təsəvvür edin ki, 95 yaşınız var və artıq can verirsiniz. Qəflətən sizə bu günki özünüzə nəsihət vermək üçün vaxt verirlər. Özünüzə nə tövsiyə edərdiniz? Ağlınıza gələn fikri dərhal realizə etməyə tələsin.
Həyatda faydalana biləcəyiniz üç məsləhət:
- Xoşbəxt olun. Məncə, bir çox insanların problemi budur. Biz hər şeyi sonraya saxlayırıq. Bizə elə gəlir ki, pul qazanandan sonra və ya karyera qurandan sonra daha xoşbəxt olacağıq. Əslində isə hər gün xoşbəxt olmaq lazımdır.
- Ailənizi və dostlarınızı qoruyun. Çalışın ailənizə və dostlarınıza vaxt ayırın. İnanın ki, can verəndə iş yoldaşlarınızın heç biri sizin yanınızda olmayacaq.
- Xəyallarınızın arxasınca gedib. Bu kiçik xəyal da ola bilər: gitarada çalmağı və ispan dilini öyrənmək, Yeni Zelandiyaya səfər etmək və s. Əgər 35 yaşınıza qədər xəyalınız həyata keçməsə, 45 yaşınıza qədər də çətin ki, həyata keçsin.
Və sonda biznes-liderlərə bunları tövsiyə edirəm:
- Həyat çox qısadır, hər andan zövq alın.
- İnsanlara kömək edin. Mən pensiyaya çıxmış bir çox CEO-larla söhbət etmişəm. Və onların hər birinə eyni sual verirdim: “Nə ilə fəxr edirsiniz?”. Heç kim qurduğu şirkət və ya qazandığı pul ilə fəxr etmir. Onlar özlərini yaxşı insanlara əhatə etdiklərinə görə sevinirdilər, bununla fəxr edirdilər. Kiməsə kömək edə bildikləri üçün özlərini çox xoşbəxt hiss edirdilər.
- Düşündüyünüzü edin. Nə isə yolunda getməsə belə ən azından cəhd etmiş olacaqsınız.