“PASHA Holding” MMC-nin aqrar biznes strukturunda olan “Agro Dairy” MMC-nin gəlirləri 2022-ci ildə azalıb, ili zərərlə tamamlayıb.
Bu barədə Banker.az şirkətin illik audit hesabatına istinad edir.
“Agro Dairy” MMC-nin gəlirləri illik müqayisədə 40.4% azalaraq 36.97 mln. manat təşkil edib.
Satışın maya dəyəri illik müqayisədə 46.4% azalmaqla 30.85 mln. manata düşüb.
Bununla da, şirkətin digər gəlirləri və xərcləri cəminin fərqindən 4.51 mln. manat əməliyyat mənfəəti əldə edib. 2021-ci ildə şirkət 8.78 mln. manat əməliyyat zərəri etmişdi.
Şirkətin 16.5 mln. manat maliyyə və digər vergi xərclərindən sonra 12.17 mln. manat zərər edib. 2021-ci ildə 23.13 mln. manata yaxın zərər etmişdi.
Bu zərərlərin ardından “Agro Dairy” MMC 1 yanvar 2023-cü il tarixinə balansında 78.51 mln. manatdan çox yığılmış zərər yaranıb. Şirkətin 241.43 mln. manat nizamnamə kapitalı var.
Xatırladaq ki, “Agro Dairy” MMC 2014-cü ildə təsis edilib. Şirkət “PASHA Holding” MMC-nin strukturundadır. Bu gün şirkət Azərbaycanın aparıcı kənd təsərrüfatı şirkətlərindən biridir. Baş ofisi Bakıda yerləşir. Şirkət Samux, Tovuz və Hacıqabulda əkin sahələrinə sahibdir.