Azərbaycanda qida sənayesi üzrə şirkətlərə sahib olan “Agrotrade Supply” Məhdud Məsuliyyətli Cəmiyyətinin (ATS) direktoru dəyişdirilib.
Banker.az xəbər verir ki, Tural Cəfərli Ramis oğlu şirkətin direktoru təyin edilib.
Buna qədər bu vəzifə müvəqqəti icraedici kimi Camalov Röyal Vəkil oğluna həvalə edilmişdi.
Tural Cəfərli buna qədər “Veysəloğlu Distribusiya Qrup”da Tədarük Zənciri Direktoru, İdarə Heyətinin üzvü vəzfiəsində idi.
O, Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq İqtisadi Münasibətlər” fakültəsində bakalavr, “Beynəlxalq Ticarət” fakültəsində isə magistr təhsili almışdır. Həmçinin, mübadilə proqramı çərçivəsində bakalavr təhsilinin bir hissəsini ABŞ-ın Şərqi Tennesi Dövlət Universitetində almışdır.
Tural Cəfərli maliyyə sahəsi üzrə 14 illik təcrübəyə malikdir. Müxtəlif vaxtlarda “Ernst & Young”, “KPMG”, “Deloitte” Bakı və “Deloitte” İsveç ofisində maliyyə və audit istiqamətləri üzrə fəaliyyət göstərmişdir.
2021-ci ilin fevral ayında Veysəloğlu Şirkətlər Qrupu tərkibində “Veysəloğlu Distribusiya Qrup”-a Maliyyə Direktoru, İH üzvü olaraq qoşulmuş, daha sonra “AVT Logistics” MMC-də Maliyyə Direktoru, İH üzvü olaraq fəaliyyətini davam etdirmişdir.
Xatırladaq ki, “AgroTrade Supply” MMC “Agrodairy” MMC-yə daxildir. Şirkət kənd təsərrüfatı və ərzaq məhsulları sahəsində çalışan şirkətlər qrupudur. Şirkət fermerlərlə sıx əməkdaşlıq edir və alıcılara yüksək keyfiyyətli kənd təsərrüfatı və ərzaq məhsulları təklif etməklə məşğuldur. Qrupa daxil olan müəssisələr un dəyirmanı, yem zavodu, soya və günəbaxan emalı zavodları, çörək və qənnadı istehsalı fabriki kimi sahələrdə fəaliyyət göstərir. ATS Qrup həmçinin təxminən 11 min hektar kənd təsərrüfatı torpağında aqrar fəaliyyət aparır.







